Rusiyanın Ukraynaya kütləvi hücumu: Yaralananlar var, Kiyevdə binalar zədələndi - GÖRÜNTÜLƏR
Sentyabrın 30-da Rusiya qoşunları Ukraynanın bir sıra bölgələrinə kütləvi dron və raket hücumları həyata keçirib.
TodayPress TV xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun məlumatına görə, paytaxtın Obolonski rayonunda pilotsuz uçuş aparatı anbarlara zərbə endirib.
Qolosiyevski rayonunda isə dronun qalıqları yol yaxınlığındakı əraziyə düşərək yanğına səbəb olub.
Solomyanski rayonunda pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına zərbə vurub. Hadisə nəticəsində binanın birinci mərtəbəsində yerləşən kafe əsas zərər görüb. Partlayış dalğası və dron qalıqları digər obyektlərə, mənzillərin pəncərələrinə və avtomobillərə də ziyan vurub.
Odessada isə pilotsuz uçuş aparatının biznes mərkəzinə zərbə endirdiyi bildirilib.
Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, hücumlar vilayətin beş rayonunda da dağıntılara səbəb olub. Borispol rayonunda bir qadın yaralanıb. Buça, Obuxiv, Fastiv və Belotserkiv rayonlarında yaşayış binalarına və avtomobillərə ziyan dəyib. Belotserkiv rayonunda təhsil müəssisəsi də zərər görüb.
Sumı vilayətində də hücum qeydə alınıb. Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Sumı şəhərinə idarə olunan bomba ilə zərbə endirilib. İlkin məlumata əsasən, 6 nəfər yaralanıb. Bir sıra fərdi və çoxmənzilli yaşayış binalarına ziyan dəyib, bir binanın damında yanğın baş verib.
Ukraynanın enerji şirkəti “Ukrenergo” oktyabrın 1-dən ölkənin bəzi bölgələrində elektrik enerjisi istehlakına məhdudiyyətlərin tətbiq ediləcəyini açıqlayıb.
Şirkətin məlumatına görə, buna Rusiyanın enerji infrastrukturuna hücumları nəticəsində yaranan vəziyyət səbəb olub.
Sənaye müəssisələri üçün elektrik enerjisinin məhdudlaşdırılması səhər saat 08:00-dan 21:00-dək tətbiq ediləcək. Bütün istehlakçılar üçün isə saatlıq kəsintilər 08:00-11:00 və 16:00-21:00 arasında nəzərdə tutulub.
Kiyev və daha üç bölgədə isə sentyabrın 30-dan etibarən təcili elektrik enerjisi kəsintiləri tətbiq olunmağa başlayıb.
Türkan İsgəndərli