Rusiya Ukraynaya zərbə endirdi, Polşa hərbi təyyarələri havaya qalxdı
Polşa hərbi təyyarələri Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqədar havaya qaldırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı "X" sosial şəbəkəsində bildirib ki, aviasiyanın havaya qaldırılması profilaktik tədbir xarakteri daşıyır və ölkənin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
Məlumata görə, Polşa hava məkanının pozulması qeydə alınmayıb.
Qeyd edək ki, sentyabrın 23-də Polşa Rusiyanı Kalininqrad vilayətindən hava məkanını pozmaqda ittiham edib. Polşa tərəfinin iddiasına görə, Rusiyaya məxsus “Mi-8” helikopteri Branevo şəhərinin şimalında ölkə ərazisinə təxminən 300 metr daxil olub və 42 saniyə ərzində burada qalıb.
Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Belarusla sərhəddə uzaqmənzilli raketlərin yerləşdirilməsi planından danışıb. Varşava həmçinin Rusiya ilə sərhəddəki keçid məntəqələrinin bağlanması və sərhədin minalanması imkanlarını nəzərdən keçirir.
Türkan İsgəndərli