Qaqik Tsarukyanın həbs müddəti uzadıldı

Qaqik Tsarukyanın həbs müddəti uzadıldı
04.09.2026 16:59 Dünya

İrəvan  Ümumi Yurisdiksiya Cinayət Məhkəməsi “Çiçəklənən Ermənistan” Partiyasının lideri və iş adamı Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb.

TodayPress TV xəbər verir ki, "News.am"ın məlumatına görə, məhkəmənin qərarı sentyabrın 4-də açıqlanıb.

Qeyd edək ki, Qaqik Tsarukyan iyulun 7-də dələduzluq və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə həbs edilib. Daha sonra onun barəsində vergidən yayınma ittihamı üzrə yeni cinayət işi başlanıb.

Bundan əvvəl, iyulun 6-da Ermənistan İstintaq Komitəsinin müstəntiqləri Tsarukyanın şəxsi evində və onunla əlaqəli 70-dən çox ünvanda təxminən 12 saat davam edən axtarışlar aparıblar. Axtarışlardan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Tsarukyanı evindən saxlayıblar.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, araşdırılan cinayət işi çərçivəsində Tsarukyanın təşkil etdiyi bir qrup şəxsin 2022-2024-cü illərdə xüsusilə böyük miqdarda dələduzluq və çirkli pulların yuyulması ilə məşğul olduğuna dair məlumatlar əldə edilib.

İstintaqın versiyasına əsasən, Tsarukyan İran-Ermənistan logistika əlaqələrinin qurulması vədi ilə İran şirkətlərini aldadaraq sənədləri saxtalaşdırmaq yolu ilə 52 nəqliyyat vasitəsi, avadanlıq və müxtəlif malları mənimsəyib. Nəticədə İran şirkətlərinə təxminən 22 milyon dollar ziyan vurulduğu bildirilir.

İstintaq orqanları həmçinin Tsarukyanın cinayət yolu ilə əldə edildiyi iddia olunan əmlak və vəsaitlərin yuyulmasını təşkil etdiyini, həmin vəsaitləri öz şirkətlərinin qanuni maliyyə dövriyyəsinə daxil etdiyini bildirir.

Qaqik Tsarukyan isə ona qarşı irəli sürülən ittihamları rədd edir və işi əsassız hesab edir. Onun vəkilləri də ittihamların sübuta yetirilmədiyini bildirirlər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər