Qalibaf və Pezeşkian Əraqçiyə qarşı - SEPAH-ın adamı çıxdı

Dünya

01.05.2026 10:05

İran Prezidenti Məsud Pezeşkian və Məclis sədri Məhəmməd Baqer Qalibaf Xarici İşlər Naziri Abbas Əraqçini hökumətin deyil, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) maraqlarını ön plana çıxarmaqda ittiham edirlər.

TodayPress TV xəbər verir ki, "İran International" məlumat yayıb.

Məlumatlara görə, onlar nazirin vəzifəsindən azad edilməsi məsələsini ciddi şəkildə müzakirə edirlər.

Saytın məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, Pezeşkian və Qalibaf hesab edir ki, Əraqçi son həftələrdə xarici işlər naziri kimi hökumət siyasətini icra etmək əvəzinə, SEPAH komandanı Əhməd Vahidinin köməkçisi kimi hərəkət edir. Nazirin xüsusilə nüvə danışıqları və digər diplomatik məsələlərdə Vahidi ilə “tam koordinasiya” şəklində və prezidentə məlumat vermədən hərəkət etdiyi bildirilir.

Mənbələr qeyd edir ki, bu vəziyyət Pezeşkianı ciddi narazı salıb və o, yaxın ətrafına naziri davamlı olaraq bu cür davranarsa vəzifəsindən azad edəcəyini deyib. Qalibaf da bu narazılıqda Pezeşkianla həmfikirdir.

Xəbər hələlik rəsmi təsdiqini tapmayıb və İran daxilindəki daxili güc mübarizəsinin bir hissəsi kimi qiymətləndirilir. Son vaxtlar ABŞ və digər ölkələrlə mümkün danışıqlar fonunda Tehran rəhbərliyində SEPAH-la hökumət arasında fikir ayrılıqları barədə məlumatlar yayılmaqdadır.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,Pezeşkian,Qalibaf,SEPAH,Todaypress.tv,