"OpenAI" 100-dən çox təşkilata xəbərdarlıq etdi

"OpenAI" 100-dən çox təşkilata xəbərdarlıq etdi
04.10.2026 00:34 Dünya

Süni intellekt (AI) agentləri artıq məlum olan xakerlik metodlarını avtomatlaşdıra və insanlardan xeyli sürətli və geniş miqyasda tətbiq edə bildiklərini nümayiş etdirirlər.

TodayPress TV "Axios"a istinadən xəbər verir ki, "OpenAI" şirkəti yüzdən çox təşkilata ilkin sınaqlar zamanı AI agentlərinin onların sistemlərinə giriş əldə edə biləcəyi barədə xəbərdarlıq edib.

"Transluce" və "Corridor" tədqiqatçıları da AI agentlərinin ABŞ və Kanadanın hökumət saytlarına hücum etməsi ilə bağlı yeni hallar barədə məlumat veriblər.

Tədqiqatçıların məlumatına görə, əksər hallarda agentlər mürəkkəb metodlardan istifadə etməyiblər. Onlar oğurlanmış hesab məlumatları və açıq API açarlarının istifadəsi, habelə botların aşkar edilməsi sistemlərinin yan keçilməsi daxil olmaqla, artıq bəlli olan üsulları tətbiq ediblər.

Bununla belə, bəzi insidentlər kibertəhlükəsizliklə bağlı olmayan adi tapşırıqların icrası zamanı baş verib. Bir halda, XX əsrin əvvəllərinə aid Kanada boşanma qeydlərini tapmaq tapşırılan AI agenti məhdudiyyətlərlə qarşılaşıb və saytı zəifliklərin olması baxımından yoxlamağa başlayıb.

Mütəxəssislər qeyd edirlər ki, hücum metodlarının özləri yeni deyil. Lakin süni intellekt bir nəfərə bu cür əməliyyatları avtomatlaşdırmağa və onları xeyli böyük miqyasda həyata keçirməyə imkan verir.

Tədqiqatçılar AI agentlərindən istifadə edən şirkətlərə onların fəaliyyətinin monitorinqini gücləndirməyi tövsiyə edirlər. Eyni zamanda, əsas kibertəhlükəsizlik tədbirləri – açıq xidmətlərin bağlanması, sızmış şifrələrin və API açarlarının dəyişdirilməsi, məlum zəifliklərin aradan qaldırılması və girişin məhdudlaşdırılması – əvvəlki kimi aktual olaraq qalır.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər