Ömrü 20 faiz uzatdı - Alimlər səbəbi araşdırır
Yer kürəsinin maqnit sahəsindən qorunma canlı orqanizmlərin ömrünə təsir göstərə bilər.
TodayPress TV xəbər verir ki, bu nəticəyə Nottingem Universitetinin alimləri meyvə milçəkləri üzərində apardıqları təcrübə zamanı gəliblər.
Araşdırma “Aging” jurnalında dərc olunub. Alimlər müəyyən ediblər ki, maqnit sahəsinin təsirindən qorunan bəzi meyvə milçəkləri təxminən 20 faiz daha uzun yaşayıb.
Təcrübə zamanı həşəratların bir hissəsi Yer maqnit sahəsini demək olar ki, tam bloklayan nikel-dəmir qutunun içərisinə yerləşdirilib. Digər milçəklər isə normal maqnit mühitində saxlanılıb.
Tədqiqatçılar həm sağlam, həm də mitoxondrilərin fəaliyyətinin pozulması ilə əlaqəli Pink1 genində qüsur olan milçəkləri yoxlayıblar.
Nəticələrə görə, Pink1 genində qüsur olan milçəklər maqnit sahəsindən qorunduqda təxminən 20 faiz daha uzun yaşayıb. Lakin onların hərəkət və səthə qalxma qabiliyyəti zəifləyib.
Sağlam milçəklərdə isə əks nəticə müşahidə olunub. Onlar maqnit sahəsindən qorunduqda daha yaxşı hərəkət edib və səthə daha asan qalxıblar, lakin ömürlərinin uzandığı müəyyən edilməyib.
Alimlər hesab edirlər ki, nəticələr Yer maqnit sahəsinin qocalma prosesləri ilə müəyyən əlaqəsinin ola biləcəyini göstərir. Bununla belə, bu təsirin mexanizmi hələ məlum deyil.
Tədqiqat yalnız meyvə milçəkləri üzərində aparıldığı üçün nəticələrin insanlara şamil edilib-edilməyəcəyi də bilinmir. Alimlər xüsusilə uzunmüddətli kosmik missiyalar zamanı maqnit mühitinin canlı orqanizmlərə təsirinin araşdırılmasının vacib olduğunu bildirirlər.
Kübra Musayeva