McDonald’s Rusiyaya qayıdır

Dünya

10.02.2026 10:40

2022-ci ildə Rusiyada fəaliyyətini dayandıran McDonald’s ölkədə ticarət nişanını yenidən qeydiyyatdan keçirib. 

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, "Rospatent"in verdiyi məlumata görə,  ticarət nişanının qeydiyyatı üçün müraciət 2024-cü ilin dekabrında təqdim olunub və Rospatent tərəfindən 2026-cı ildə təsdiqlənib.

Qeydiyyatdan keçmiş ticarət nişanı McDonald’s brendinin qida məhsulları, hazır yeməklər və içkilər, həmçinin oyuncaqlar və süfrə qabları üçün istifadəsinə imkan yaradır.

Qeyd edək ki. McDonald’s 1940-cı ildə Dik və Mak Makdonald qardaşları tərəfindən təsis edilib. İlk restoran Kaliforniya ştatının San Bernardino şəhərində açılıb və 1948-ci ildə şəbəkə fast food konsepsiyasının əsas prinsiplərini formalaşdırıb. İyun ayının sonuna olan məlumata görə, McDonald’s 114 ölkədə 44 mindən çox restorana malik olub.

Şirkət əməliyyat, texniki və logistik çətinlikləri əsas gətirərək 14 mart 2022-ci ildə Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib. McDonald’s-ın Rusiyadakı aktivləri lisenziya sahibi Aleksandr Qovoraya verilib və müqaviləyə əsasən, keçmiş sahibinə 15 il ərzində bazar şərtləri ilə biznesi geri almaq hüququ tanınıb.

12 iyun 2022-ci ildə Moskvada McDonald’s-a alternativ olaraq “Vkusno — i toçka” brendi altında ilk restoran fəaliyyətə başlayıb.

Qeyd edək ki, McDonald’s daha əvvəl Rusiyada McFlurry desertinin ticarət nişanını da qeydiyyatdan keçirmişdi.

Jalə Rövşən 

TodayPress TV

tag: McDonald’s,Rusiya,Qeydiyyat ,“Vkusno — i toçka” ,Todaypress.tv,