Mark Rutte: “Avropanın Rusiya ilə dialoqunu dəstəkləyəcəm”

Dünya

11.02.2026 02:30

“Avropa müttəfiqləri Rusiya ilə dialoqa başlamaq qərarına gəlsələr, bu təşəbbüs də daxil olmaqla, müharibəyə son qoymaq üçün istənilən addımı dəstəkləyəcəm”. 

TodayPress TV xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Mark Rutte deyib. 

O qeyd edib ki, nazirlər 2025-ci il Haaqa Zirvəsində müdafiə xərclərinin artırılması ilə bağlı qəbul edilən qərarların icrasını və Ankarada keçiriləcək növbəti zirvənin hazırlıqlarını müzakirə edəcəklər: 

“Sabah müttəfiqlərin bu qərarları necə həyata keçirdikləri və ümumi təhlükəsizlik sərmayələrimizi on milyardlarla dollar artırmaq üçün hər birinin necə töhfə verdiyi barədə məlumat almağı səbirsizliklə gözləyirəm”. 

Baş katib daha çox müdafiə istehsalına ehtiyac olduğunu vurğulayaraq bunun daha güclü hava hücumundan müdafiə sistemləri, daha çox sursat və Alyans üzrə möhkəmləndirilmiş təchizat zəncirləri demək olduğunu deyib. O əlavə edib ki, yeni texnologiyaların tətbiqi sürətləndirilməli, müdafiə sənayesi daha çevik və effektiv istehsal imkanlarına malik olmalıdır və buna Atlantikanın hər iki sahilində ehtiyac var. 

Rutte həmçinin baş tutacaq görüşdə nazirlərin Kiyevə dəstəyi müzakirə edəcəklərini qeyd edərək, Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın da iclasda iştirak edəcəklərini vurğulayıb. 

Rusiya ilə dialoq məsələsinə münasibət bildirən Rutte deyib ki, müttəfiqlərə tövsiyə vermək onun səlahiyyətində deyil, lakin hər bir müttəfiq dialoqa açıq ola bilər və Fransa kimi addım ata bilər. 

Aysel Mətləb

TodayPress TV

tag: Rutte,NATO,Rusiya,Kiyev,Todaypress.tv,