Litva Kalininqrad sərhədinə ordu yığdı
Litva Kalininqrad vilayəti ilə sərhədin mühafizəsini gücləndirmək üçün silahlı qüvvələrini cəlb edib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Martinas Katelynas bildirib.
Onun sözlərinə görə, Katelynas müdafiə naziri Robertas Kaunasa müraciət edərək sərhədçilərə yardım üçün Litva ordusunun qüvvələrinin cəlb olunmasını istəyib. Nazir sərhəddə vəziyyətin sakit olduğunu və hərbçilərin cəlb edilməsinin qabaqlayıcı tədbir xarakteri daşıdığını vurğulayıb.
“Biz regiondakı ümumi təhlükəsizlik vəziyyətini qiymətləndirərək əlavə qabaqlayıcı tədbirlər görürük”, - deyə Katelynas qeyd edib.
Onun bu müraciəti Latviya-Belarus sərhədində baş verən insidentdən sonra gəlib. Latviyanın Milli Silahlı Qüvvələrinin məlumatına görə, ən azı 20 qanunsuz miqrantdan ibarət qrup maskalı şəxslərin müşayiəti ilə sərhədi qanunsuz keçməyə cəhd edib.
Latviya hərbçilərinin bildirdiyinə görə, miqrantları müşayiət edən şəxslər silahlı olub, hərbçiləri hədələyib və miqrantları istiqamətləndiriblər. Daha sonra həmin şəxslər Latviyaya daxil olaraq elektrik paylayıcı lövhəyə zərər vurub, videokameraları oğurlayıb və qısa müddət sonra Belarus ərazisinə qayıdıblar.
Aysel Mətləb