Yaponiyadan nüvə siqnalı: Tokio mühüm qərarı nəzərdən keçirir
Yaponiya hökuməti fövqəladə vəziyyətlərdə ölkəyə nüvə silahlarının gətirilməsinə istisna olaraq icazə verilməsi imkanını nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, “Sankei” qəzetinin hökumət mənbələrinə istinadən yaydığı məlumata görə, Tokio hazırda ölkənin nüvə siyasətini tənzimləyən sənədlərə bu istiqamətdə dəyişikliklərin əlavə edilməsini müzakirə edir.
Yaponiyanın hazırda üç qeyri-nüvə prinsipi var: nüvə silahına sahib olmamaq, onu istehsal etməmək və ölkəyə gətirməmək. Məlumata görə, hökumət bu prinsipləri rəsmi şəkildə dəyişdirməyi planlaşdırmır.
Bununla belə, Yaponiya ABŞ-nin “nüvə çətiri”nə arxalanaraq mümkün təhlükələrə qarşı çəkindirmə imkanlarını gücləndirməyə çalışır.
Müzakirə olunan variantlar arasında nüvə silahı daşıyan ABŞ hərbi gəmilərinin Yaponiya limanlarına daxil olmasına icazə verilməsi də var. Həmçinin ölkənin donanmasının nüvə sualtı qayıqları ilə gücləndirilməsi təklifləri səsləndirilib.
Qeyd olunur ki, belə dəyişikliklərin həyata keçirilməsi üçün bir sıra hüquqi və təhlükəsizlik məsələlərinin həll edilməsi lazımdır. Xüsusilə hansı fövqəladə hallarda nüvə silahlarının ölkəyə gətirilməsinə icazə veriləcəyi dəqiqləşdirilməlidir.
Yaponiya rəhbərliyinin təhlükəsizlik sahəsində yeni əsas sənədləri 2026-cı ilin sonunadək qəbul etməyi planlaşdırdığı bildirilir.
Türkan İsgəndərli