Litva Belarusla sərhədi yenidən açır

Dünya

19.11.2025 18:15

Litva hakimiyyəti oktyabrın 29-da bağladığı Belarus sərhədini yenidən açmaq qərarı verib. 

TodayPress TV xəbər verir ki, hökumət sərhəd rejiminin dəyişdirilməsi ilə bağlı qərarını təsdiqləyib.

Litvanın daxili işlər naziri Vladislav Kondratoviç bildirib ki, sərhəddə vəziyyətin dəyişməsi bu addımı atmağa imkan verib. O vurğulayıb ki, hər hansı neqativ hal yaranarsa, sərhəd yenidən bağlana bilər.

Vilnüs iki keçid məntəqəsini - Medininkay və Şalçininkay açacağını açıqlayıb. Digər məntəqələr isə əvvəlki qərarlarla 2024-cü ilə qədər bağlanıb. Rəsmilərin sözlərinə görə, keçid məntəqələrinin işinin bərpası təxminən 24 saat çəkəcək.

Xatırladaq ki, Litva oktyabrın 29-da havadan tütün qaçaqmalçılığı ilə mübarizə məqsədilə sərhədi bir ay müddətinə bağlayıb. Buna cavab olaraq Belarus Litva yük maşınlarının keçidini dayandırmış və onları pullu dayanacaqlarda saxlamağı əmr etmişdi. Bu səbəbdən 1000-dən çox litvalı yük maşını Belarus ərazisində ilişib qalıb.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Litva,Belarus,Sərhəd,Keçid,Todaypress.tv,