Kanadada məktəb atışması: Doqquz nəfər öldü

Dünya

11.02.2026 10:14

Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Tumbler Ridge şəhərində orta məktəbdə baş verən atışma nəticəsində ən azı doqquz nəfər həyatını itirib. 

TodayPress TV xəbər verir ki, bu barədə Kanada Kral Atlı Polisi (RCMP) məlumat verib.

Hadisə 10 fevral yerli vaxtla saat 13:20 radələrində baş verib. Polis məktəbdə aktiv atışma barədə məlumat aldıqdan sonra əraziyə gəlib və altı nəfərin öldüyünü, çoxsaylı şəxsin isə yaralandığını müəyyən edib. Xəstəxanaya aparılan daha bir nəfər yolda dünyasını dəyişib. Bundan əlavə, hadisə ilə əlaqəli olduğu ehtimal edilən bir evdə daha iki nəfərin meyiti tapılıb.

Polisin bildirdiyinə görə, şübhəli şəxs məktəbdə ölü aşkarlanıb. Onun özünə xəsarət yetirdiyi ehtimal olunur. Şübhəlinin qadın olduğu açıqlanıb.

Hadisə zamanı iki nəfər ağır vəziyyətdə vertolyotla xəstəxanaya çatdırılıb. Təxminən 25 nəfər isə həyati təhlükəsi olmayan xəsarətlərlə yerli tibb mərkəzində müalicə alır.

Tumbler Ridge şəhərində təxminən 2400 nəfər yaşayır. Yerli orta məktəbdə 7-12-ci siniflər üzrə 175 şagird təhsil alır. Hadisənin səbəbi hələlik məlum deyil.

Türkan İsgəndərli

TodayPress TV

tag: Kanada,Britaniya,Məktəb,Atışma,Todaypress.tv,