"Kalininqrada hücum olsa..." – Putin bütün silahları işə salır
Kalininqrad və ya ölkənin digər regionuna birbaşa hücum ediləcəyi təqdirdə, Rusiyanın sərəncamında olan bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar sessiyasında çıxışı zamanı danışıb.
Liderin sözlərinə görə, Moskva digər ölkələri qorxutmağa çalışmır. O qeyd edib ki, Rusiya XİN-in bəyanatı və bəzi ölkələrə göndərilən məktublar Rusiyanı qorxutmaq cəhdlərinə cavabdır.
Putin vurğulayıb ki, XİN-in Kalininqradla bağlı məktubunda söhbət birbaşa nüvə silahından istifadədən deyil, Rusiyanın sərəncamında olan bütün “qüvvə və vasitələrdən” mümkün istifadədən gedir.
NATO-nun Baş katibi Mark Ruttenin bu xəbərdarlıqların Avropada ciddi qəbul edilmədiyi barədə açıqlamasını şərh edən dövlət başçısı bildirib ki, Avropa siyasətçiləri tərəfindən Rusiyaya qarşı təhdidlər səsləndirilir.
O, Baltik dənizində keçirilən hərbi təlimləri və Rusiya gəmilərinin saxlanılması cəhdlərini eskalasiya kimi qiymətləndirib.
Rusiya lideri, həmçinin Rusiyanın silahlanma sahəsində üstünlüklərə malik olduğunu bildirib və Moskvanın “Avropada heç kimə təhdid yaratmadığını” vurğulayıb.