Filippində qasırğa qurbanlarının sayı 250-yə çatdı

Dünya

11.11.2025 14:20

Filippində son günlər ard-arda baş verən iki güclü qasırğa nəticəsində ölənlərin ümumi sayı 250-yə yüksəlib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Filippinin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurasının məlumatına görə, noyabrın 9-da Luzon adasını vurmuş “Funq-vonq” super tayfunu torpaq sürüşmələri və palçıq axınlarına səbəb olub.

Nəticədə 18 nəfər həyatını itirib, təxminən 30 sakin yaralanıb və bir neçə nəfər itkin düşüb. İlin 21-ci tayfunu sayılan “Funq-vonq”un küləklərinin sürəti saatda 230 kilometrə çatıb.

Hazırda bölgədə axtarış-xilasetmə və bərpa işləri davam etdirilir. Qasırğanın təqribən 30 milyon insanın yaşadığı ərazilərə təsir edəcəyi, başqa sözlə, ölkənin üçdə ikisini əhatə edəcəyi bildirilir. Tayfunun şimal-qərbə doğru hərəkət edərək Çinin cənub sahillərində də fəsadlar törədə biləcəyi ehtimalına görə Quandon əyalətində 4-cü səviyyədə xəbərdarlıq elan olunub.

Noyabrın 4-də Sebu əyalətini vurmuş “Kalmaegi” qasırğası isə 231 nəfərin ölümünə, 112 nəfərin itkin düşməsinə səbəb olub. Güclü külək və yağıntı nəticəsində sel, daşqın və torpaq sürüşmələri qeydə alınıb.

Hər iki təbii fəlakət ölkənin bir çox bölgələrində evlərə, infrastruktur obyektlərinə, yollar və körpülərə, əkin sahələrinə ciddi ziyan vurub. Elektrik və rabitə xətləri də sıradan çıxıb. Fəlakət səbəbilə bir milyondan çox insan təxliyə edilib, bəzi ucqar bölgələrə aparan yollar yararsız vəziyyətə düşüb.

Sentyabrın 30-da Sebuda baş vermiş 6,9 bal gücündə zəlzələ nəticəsində yaranmış dağıntılar da fəlakət bölgələrində vəziyyəti daha da çətinləşdirib. Həmin zəlzələ zamanı da çoxsaylı insan həyatını itirmiş, minlərlə sakin evsiz qalmışdı.

Qasırğalar səbəbilə ölkədə fövqəladə vəziyyət elan olunub. Bir sıra liman və məktəblər bağlanıb. Filippin Prezidenti Ferdinand Romualdez Markos fövqəladə rejimin tətbiq olunduğunu açıqlayıb.

Jalə Rövşən

TodayPress TV


tag: Filippin ,Qasırğa ,Qurban ,Filippinin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası,Todaypress.tv,