Estoniya dronları izləmək üçün ilk sistemləri işə saldı
Estoniya Rusiya ilə sərhədin cənub-şərq hissəsində pilotsuz uçuş aparatlarını (PUA) aşkarlamaq və izləmək üçün ilk stasionar sistemləri quraşdıraraq istifadəyə verib.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, qurğular artıq aktiv işləyir və sərhəd mühafizəsi tərəfindən idarə olunur. İlk sistemlər Luhamaa keçid məntəqəsi ilə Estoniya–Latviya–Rusiya sərhədlərinin kəsişdiyi ərazilərdə yerləşdirilib. Rəsmi Tallin gələcəkdə bu texnologiyanın ölkənin şərq sərhədinin bütün uzunluğu boyunca tətbiq olunacağını açıqlayıb.
Estoniya Daxili İşlər Nazirliyi layihəni sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir. Bildirilir ki, bəzi ərazilərdə mobil müşahidə sistemlərindən də istifadə olunur və sərhəd boyunca infrastruktur işləri davam etdirilir.
Bu addım “dron divarı” kimi tanınan geniş təhlükəsizlik təşəbbüsünün tərkib hissəsi hesab olunur. Layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir və son aylarda Baltik regionunda qeydə alınan dron insidentləri fonunda sürətləndirilir.
Türkan İsgəndərli