Çin nüvə başlığı istehsalını artırır
Dünya
29.12.2025 11:11
Çin nüvə döyüş başlıqlarının istehsal gücünü artırır və sürətli cavab zərbələrinə hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” Açıq Nüvə Şəbəkəsi (ONN) və Verifikasiya Tədqiqatları, Təlim və İnformasiya Mərkəzinin (VERTIC) peyk görüntülərinə və təhlillərinə istinadən yazıb.
Məlumata görə, 2019-cu ildən bəri Çinin nüvə obyektlərində genişmiqyaslı dəyişikliklər müşahidə olunur. Analitiklər bu prosesin plutonium yüklərinin hazırlanması üçün qurğuların və nüvə başlıqlarında istifadə olunan partlayıcı maddələrin istehsalı zavodlarının modernləşdirilməsini əhatə etdiyini bildirirlər.
Pentaqonun son hesabatında qeyd olunub ki, Çinin nüvə başlıqlarının sayı hazırda təxminən 600-dür və bu göstəricinin 2030-cu ilə qədər 1000-i keçəcəyi gözlənilir. Hesabatda istehsal tempinin əvvəlki dövrlərlə müqayisədə yavaşladığı bildirilsə də, yeni tikinti və genişlənmə bu rəqəmlərlə bağlı suallar yaradır.
Nəşrin yazdığına görə, Çin mənbələri və hərbi sahəyə yaxın akademiklər nüvə briqadalarının yüksək hazırlıq vəziyyətinə gətirildiyini qeyd edirlər. Bildirilir ki, bu qüvvələr mümkün təhlükə aşkarlandığı halda dərhal cavab verməyə imkan verən rejimdə ola bilər.
Jalə Rövşən
