Çin kosmosa daha dörd “göz” yerləşdirdi - Yeni missiya uğurla başa çatdı
Çinin "Ceres-2" daşıyıcı raketi dörd peyki uğurla orbitə çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə raketin istehsalçısı "Galactic Energy" şirkəti məlumat yayıb.
Məlumata görə, raket Şimali Çində yerləşən Tsyütsüan kosmodromundan start götürüb. O, peykləri 535 kilometr yüksəklikdə günəşlə sinxron orbitə çıxarıb. Peyklər okeanların müşahidəsi, meteoroloji məlumatların toplanması, universitet tədqiqatları və kosmik vəziyyətin monitorinqi üçün nəzərdə tutulub.
Şirkətin məlumatına əsasən, buraxılış nasazlıqların aradan qaldırılması üzrə tədbirlərin, konstruksiyaya edilmiş dəyişikliklərin və yerüstü sınaqların nəticələrinin yoxlanılması məqsədi daşıyıb.
Qeyd edək ki, "Ceres-2" (“Quşenşin-2”) üç bərk yanacaqlı pillədən və bir maye yanacaqlı yuxarı pillədən ibarət orta sinif raketdir. Onun start kütləsi təxminən 100 ton, 500 kilometr yüksəklikdə günəşlə sinxron orbitə çıxarmaq qabiliyyəti isə 1,3 tondur.
Aysel Mətləb