Dövlət Sərhəd Xidmətində Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirildi

Dövlət Sərhəd Xidmətində Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirildi
07.11.2026 11:38 Daxili siyasət

8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə DSX-dan məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində DSX-nın rəhbər heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, üzərlərinə əklil və gül dəstələri qoyaraq əziz xatirələrini dərin ehtiramla yad etmişdir.

Daha sonra Hərbi Memorial Məzarlıq ziyarət edilmiş, Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla anılıb.

Zəfər parkında tarixi Qələbənin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, xalqın qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsində göstərilən misilsiz şücaət və fədakarlıq dərin minnətdarlıq hissi ilə xatırlanıb.

DSX-nın Aparatında, struktur qurumlarında və hərbi hissələrində keçirilən tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasi iradəsi, müdrik rəhbərliyi və sərkərdəlik məharəti, xalqın sarsılmaz birliyi, Silahlı Qüvvələrin döyüş qüdrəti və qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri olduğu xüsusi vurğulanıb.

Tədbirlərin sonunda 44 günlük Vətən müharibəsindən, Azərbaycan hərbçilərinin qəhrəmanlıq və şücaətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.

XƏBƏR LENTİ
07 NOYABR 2026
Bütün Xəbərlər