Cənubi Koreyadan ordu islahatı: Süni intellekt və robotlar işə düşür

Cənubi Koreyadan ordu islahatı: Süni intellekt və robotlar işə düşür
01.10.2026 08:50 Dünya

Cənubi Koreya Prezidenti Li Çje Myonq ölkənin Silahlı Qüvvələr Günü münasibətilə keçirilən mərasimdə hərbi islahatların zəruriliyindən danışıb.

TodayPress TV xəbər verir ki, prezidentin ofisinin yaydığı məlumata görə, Li Çje Myonq süni intellekt, pilotsuz sistemlər və robotlar kimi yeni texnologiyaların müasir müharibənin xarakterini dəyişdirdiyini bildirib.

O, eyni zamanda ölkədə doğum səviyyəsinin azalması səbəbindən potensial çağırışçıların sayının getdikcə azaldığını qeyd edib. Prezidentin sözlərinə görə, bu problemlərin həlli üçün hərbi islahatların aparılması vacibdir.

Li Çje Myonq orduda süni intellekt texnologiyalarının inkişaf etdiriləcəyini və insan tərəfindən idarə olunan hərbi texnika ilə yanaşı pilotsuz sistemlərdən istifadənin genişləndiriləcəyini açıqlayıb.

Prezident həmçinin ballistik raketlərin daha tez aşkarlanması və qarşısının alınması üçün ölkənin üçoxlu müdafiə sisteminin təkmilləşdiriləcəyini bildirib.

Onun sözlərinə görə, orduda texniki mütəxəssislərin sayı da artırılacaq. Çağırışçılara hərbi xidmətlə yanaşı, praktiki hərbi ixtisas üzrə təlim keçərək çavuş kimi xidmət etmək imkanı veriləcək.

Li Çje Myonq bildirib ki, bu islahatların həyata keçirilməsi üçün hökumət 2027-ci il üzrə rekord həcmdə müdafiə büdcəsi hazırlayıb. Büdcənin 73 trilyon von (təxminən 53 milyard dollar) olacağı gözlənilir.

Prezident Cənubi Koreya ordusunun döyüş qabiliyyətinə görə dünyada beşinci yerdə olduğunu da qeyd edib.

Dövlət başçısı əlavə edib ki, ölkə 2030-cu illərin ortalarına qədər öz texnologiyaları əsasında nüvə sualtı qayığı inşa etməyi planlaşdırır.

Prezident çıxışında müdafiə sahəsində ölkənin özünütəminat imkanlarının gücləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin müharibə zamanı ölkə Silahlı Qüvvələrinə komandanlıq hüququnun Cənubi Koreyaya qaytarılması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər