Bəqayi: "Epşteyn hadisəsi sivilizasiya fəlakətidir"

Dünya

10.02.2026 15:53

İran Xarici İşlər Nazirliyi Epşteyn işini sivilizasiya üçün fəlakət adlandırıb.

TodayPress TV "SNN"ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinq zamanı amerikalı maliyyəçi Ceffri Epşteynin işini sivilizasiya üçün fəlakət kimi qiymətləndirib.

Bəqayi bildirib ki, Epşteyn işi insanlığa qarşı cinayət kimi də dəyərləndirilə bilər. Onun sözlərinə görə, bu hadisənin miqyasını kiçiltmək və ya problemin yalnız ABŞ-yə və ya tək bir şəxsə aid olduğunu iddia etmək mümkün deyil. Eyni zamanda, bütün bu prosesin müəyyən tərəflərin siyasi məqsədlərinə xidmət edən uzunmüddətli layihənin bir hissəsi ola biləcəyi ilə bağlı şübhələrin artdığı vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Kayseri şəhər sakini Rifat Özdəmir fiziki oxşarlığına görə tez-tez qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynlə müqayisə olunduğunu və bu səbəbdən başqa şəhərə köçmək qərarı verdiyini açıqlamışdı. Onun sözlərinə görə, son vaxtlar küçədə insanların xoşagəlməz baxışları ilə qarşılaşır və bu vəziyyət həyatını çətinləşdirib. Yerli medianın məlumatına əsasən, Özdəmir vətəndaşlardan onu Epşteynlə müqayisə etməməyi xahiş edib, saç düzümünü dəyişdirməyi və saqqal saxlamağı planlaşdırdığını bildirib.

Ceffri Epşteyn 2002–2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qız üçün Manhettendəki evi və şəxsi adasına səfərlər təşkil etməkdə ittiham olunurdu. Müstəntiqlər dəvət edilənlərin ən kiçiyinin 14 yaşında olduğunu müəyyən ediblər. Epşteyn 2019-cu ilin avqustunda həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Böyük Britaniya kral ailəsi də əvvəllər şahzadə Endryu ilə Epşteyn arasındakı əlaqələr səbəbindən ciddi tənqidlərə məruz qalmışdı.

Jalə Rövşən 

TodayPress TV 

tag: ABŞ,Ceffri Epşteyn,İsmayıl Bəqayi,İran ,Todaypress.tv,