Belarus Ermənistan konyakını “təhlükəli” elan etdi
Belarus Dövlət Standart Komitəsi Ermənistanın “Yerevan 2800” markalı konyakının satışını qadağan edib.
TodayPress TV xəbər verir ki, qərarın məhsulun Gömrük İttifaqının texniki reqlamentlərinin tələblərinə uyğun gəlməməsi ilə bağlı olduğu bildirilir. Dövlət Standart Komitəsinin reyestrinə əsasən, Ermənistanın Armavir vilayətində fəaliyyət göstərən “MAP” QSC tərəfindən istehsal olunan 8 illik “Yerevan 2800” konyakı təhlükəli məhsul kimi tanınıb.
Komitənin məlumatına görə, aparılan laboratoriya sınaqları zamanı konyakda aşılayıcı maddələrin kütləvi konsentrasiyasının normadan aşağı olduğu müəyyən edilib. Belə ki, normativ göstərici ən azı 0,3 q/dm³ olduğu halda, məhsulda bu göstərici 0,14 ± 0,01 q/dm³ təşkil edib.
Belarus Dövlət Standart Komitəsi qeyd edib ki, məhsula müəyyən məhsul növünə xas görünüş və xüsusiyyətlər verilsə də, sınaqlar onun təqdim edildiyi məhsul kimi identifikasiya olunmasına imkan verməyib.
Kübra Musayeva