BƏƏ Yəmən xalqını gərginliyin azaldılmasına və dialoqa çağırdı

Dünya

03.01.2026 15:35

Birləşmiş Ərəb Əmirlikləri Yəməndə baş verən son prosesləri yaxından izlədiyini bildirərək ölkədə davam edən gərginliyin artmasından dərin narahatlığını ifadə edib və qardaş Yəmən xalqını müdrikliyə üstünlük verməyə, təmkin nümayiş etdirməyə, təhlükəsizlik və sabitliyin təmin olunması üçün məsuliyyətli mövqe sərgiləməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi açıqlama yayıb. 

Açıqlamada bildirilib ki, BƏƏ Yəmənin və regionun təhlükəsizliyi, sabitliyi və rifahına sadiqliyini əsas götürərək gərginliyin azaldılmasının vacibliyini vurğulayır, qarşıdurma əvəzinə dialoqa üstünlük verilməsini, qardaş yəmənlilər arasında mövcud fikir ayrılıqlarının qarşılıqlı anlayış və davamlı siyasi həllər üzrə konsensus yolu ilə aradan qaldırılmasını zəruri hesab edir. Qeyd olunub ki, bu proses ölkənin və xalqın maraqlarını ön plana çəkən, sabitlik və rifahı əsas prioritet kimi qəbul edən rasional və məsuliyyətli yanaşma əsasında həyata keçirilməlidir.

BƏƏ XİN, həmçinin vurğulayıb ki, gərginliyin azaldılması və konstruktiv dialoq mövcud çağırışların aradan qaldırılmasının ən effektiv yoludur və bu yanaşma Yəməndə və regionda uzunmüddətli sabitliyə töhfə verməklə yanaşı, xalqların təhlükəsizlik və rifah arzularının reallaşmasına xidmət edəcək.

Qiymət Mahir

TodayPress TV

tag: BƏƏ,Yəmən ,Gərginlik ,Danışıq ,Todaypress.tv,