BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir
BƏƏ strateji əhəmiyyətli Hörmüz boğazından yan keçməklə benzin, dizel və aviasiya yanacağı ixrac etməyə imkan verəcək ilk çoxməhsullu neft kəmərini tikmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, tikinti planları barədə Əbu-Dabinin ADNOC milli neft şirkətinin treydinq üzrə vitse-prezidenti Filip Xuri məlumat verib.
Yeni layihə boğazda gəmilərin hərəkətini məhdudlaşdıran davamlı regional münaqişələr fonunda tədarük marşrutlarını gücləndirmək məqsədi daşıyır.
Hazırda BƏƏ Habşan yatağından Füceyrə limanına qədər uzanan və artıq gündəlik 1,5 milyon barrel olan maksimum buraxılış gücünə çatmış mövcud neft kəmərindən istifadə edir. Bununla yanaşı, limanın özü dəfələrlə hücumlara məruz qalıb və bu, onun fəaliyyətinə mane olub. İndi ikinci boru kəmərinin tikinti işləri gedir və 2027-ci ilin əvvəlinə qədər sistemin gücünü ikiqat artıracağı gözlənilir.
Amerikanın "Colonial Pipeline" boru kəməri nümunəsində layihələndirilən yeni çoxməhsullu neft kəməri müxtəlif növ emal olunmuş neft məhsullarının çevik şəkildə daşınmasını təmin edəcək.
Bu təşəbbüs regionun qlobal neft həcminin təxminən 20%-nin keçdiyi Hörmüz boğazından həddindən artıq böyük asılılığını növbəti dəfə nümayiş etdirir. Yeni infrastruktur BƏƏ-nin dözümlülüyünü artırmalı və qlobal bazarlara fasiləsiz tədarükü təmin etməlidir.
Aysel Mətləb