Avropa Komissiyası Polşanı məhkəməyə verdi
Avropa Komissiyası aviasiyada istixana qazı emissiyalarına dair direktivin tələblərini yerinə yetirmədiyi üçün Polşaya qarşı Avropa İttifaqı (Aİ) Məhkəməsində iddia qaldırıb.
TodayPress TV xəbər verir ki, bu barədə RMF24 radiosu məlumat yayıb.
İqlim direktivinin yenilənmiş redaksiyası aviasiya sektoru üçün mühüm dəyişikliklər nəzərdə tutur. İndiyədək aviaşirkətlər Aİ-nin Emissiya Ticarəti Sistemi (ETS) çərçivəsində istixana qazı emissiyalarına görə pulsuz kvotalardan yararlanırdılar. Yeni qaydalar isə bu imtiyazların mərhələli şəkildə ləğvini və kvotaların bazarda keçirilən hərraclar vasitəsilə satın alınmasını nəzərdə tutur.
Məqsəd emissiyaların azaldılması və daşıyıcıların ətraf mühitin çirkləndirilməsinə görə daha böyük məsuliyyət daşımasını təmin etməkdir.
Yeni qaydaların milli qanunvericiliyə inteqrasiyası üçün nəzərdə tutulan müddət 2023-cü ilin dekabrında başa çatıb. Lakin Polşa Avropa Komissiyasının çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, müvafiq normativ-hüquqi aktları qəbul etməyib. Qanun layihəsi hələ də hökumətin təsdiqini gözləyir ki, bu da Brüsselin sərt reaksiyasına səbəb olub.
Nəticədə Avropa Komissiyası işi Aİ Məhkəməsinə göndərərək Polşaya qarşı ciddi maliyyə sanksiyalarının tətbiqini tələb edib.
Polşa qanunvericilik işlərini sürətləndirməsə, ölkəni ciddi maliyyə itkiləri gözləyə bilər. Məhkəmə həm birdəfəlik yüksək məbləğdə cərimə, həm də gecikdirilən hər gün üçün hesablanan gündəlik maliyyə sanksiyaları tətbiq edə bilər. Bu isə milyonlarla avro həcmində potensial itkilər deməkdir.
Bununla belə, iş üzrə yekun qərarın ən tez iki ildən sonra veriləcəyi gözlənilir.