Almaniyada Merts hökumətinə etimad azalır
Almaniyada əhalinin böyük hissəsi hazırkı hökumətin fəaliyyətindən məmnun deyil.
TodayPress TV xəbər verir ki, “Bild am Sonntag” nəşrinin sifarişi ilə INSA institutu tərəfindən keçirilən sorğunun nəticələrinə görə, almanların 62%-i Xristian Demokrat/Xristian Sosialist İttifaqı (XDS/XSS) və Sosial Demokrat Partiyasından (SDP) ibarət koalisiya hökumətinin işindən narazı qaldığını bildirib.
Sorğuya əsasən, respondentlərin yalnız 27%-i hökumətin fəaliyyətini müsbət qiymətləndirib. Bununla yanaşı, almanların 59%-i kansler Fridrix Mertsin fəaliyyətindən narazılıq ifadə edib. Onun gördüyü işləri dəstəkləyənlərin sayı isə 29% təşkil edib.
Məlumatda qeyd olunur ki, narazılıq səviyyəsinin bir neçə həftədir yüksək olaraq qalması hökumətin əhali arasında etimadı bərpa edə bilmədiyini göstərir. Sorğu 4–5 sentyabr tarixlərində keçirilib və onda 1 003 nəfər iştirak edib.
Xatırladaq ki, avqust ayında yayılan digər sorğuda da oxşar mənzərə qeydə alınmış, almanların 60%-i hökumət və kanslerin fəaliyyətindən narazılıq ifadə etmişdi.
Qiymət Mahir