Alla Puqaçovanın oxşarı borca görə axtarışa verildi
Dünya
22.11.2025 19:15
Rusiyada məşhur parodist, Alla Puqaçovaya bənzəməsi ilə tanınan Aleksandr Peskov 13 milyon rubl borcuna görə axtarışa verilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, məhkəmə icraçıları borcun ödənilməməsi səbəbilə Peskovun axtarışa verilməsi barədə qərar çıxarıb. Son illər maliyyə vəziyyəti kəskin pisləşən 63 yaşlı artist qonorarlarını dəfələrlə azaldıb: əvvəl şou başına 5 milyon rubl qazanan Peskov hazırda cəmi 400 min rubla çıxış edir.
Gəlirlərin azalması nəticəsində o, daha əvvəl aldığı iki mənzilin kredit öhdəliklərini də yerinə yetirə bilməyib.
“Mash”ın məlumatına görə, Peskovun teatr şirkəti Federal Vergi Xidməti tərəfindən bağlanıb və kreditorlar 13 milyon rubl borcla bağlı məhkəməyə müraciət ediblər.
Maliyyə problemləri və uzunmüddətli stress sənətçinin səhhətinə də təsir edib — 2019-cu ildə diaqnoz qoyulan mədəaltı vəzi xəstəliyi ağırlaşıb.
Telegram kanalı həmçinin qeyd edir ki, Peskovun çıxış şərtləri də sadələşdirilib. İfaçı artıq səhnə üçün minimum tələblərlə kifayətlənir: 0,5 litrlik 10 su şüşəsi, bir neçə stul, güzgü və rozetka. Müştərilərdən isə komandasına əlavə su, stullar, çay, qəhvə və digər sadə tələbat məhsulları təqdim etmək xahiş olunur.
Jalə Rövşən
tag: Alla Puqaçova,Oxşar ,Aleksandr Peskov,
