Ukrayna üçün qismən üzvlük planı hazırlayır

Dünya

10.02.2026 10:25

Avropa Birliyi Ukraynanın bloka qismən üzvlüyü üçün plan hazırlayır.

TodayPress TV "Politico"ya istinadən xəbər verir ki, Avropa ölkələri Ukraynaya 2027-ci ilə qədər Avropa Birliyinə qismən üzvlük vermək məqsədilə beş addımdan ibarət plan üzərində razılığa gəliblər.

Nəşrin məlumatına görə, plana əsasən Ukrayna Aİ-yə üzvlük danışıqlarında iştirak edə biləcək və bu, ölkə tam üzvlük üçün tələb olunan bütün islahatları həyata keçirməzdən əvvəl baş verəcək.

Birinci addım Aİ-yə üzvlük prosesinin hüquqi aspektlərinə dair danışıqlarda Ukraynaya qeyri-rəsmi rəhbərliyin təmin edilməsini nəzərdə tutur.

İkinci addım Ukraynanın Avropa Birliyinə qoşulma prosesinin mərhələli şəkildə həyata keçirilməsidir. Qəzetin yazdığına görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Brüsseldə keçirilən görüşdə bir neçə variant və model, o cümlədən “tərs genişlənmə” konsepsiyasını təqdim edib.

Mənbələrin bildirdiyinə görə, “tərs genişlənmə” Ukraynanın əvvəlcə Aİ-yə qismən qoşulmasını, daha sonra isə tədricən hüquq və öhdəliklər əldə etməsini nəzərdə tutur. Bu yanaşma Aİ rəhbərliyinin hərbi münaqişələr və ya bəzi üzv dövlətlərin etirazları səbəbindən hələ də təşkilata qoşula bilməyən ölkələrə siyasi mesaj göndərmək məqsədi daşıyır.

Üçüncü addım Macarıstanın Ukraynanın Avropa Birliyinə üzvlüyünə qoyduğu vetonun aradan qaldırılması imkanlarının nəzərdən keçirilməsidir. Dördüncü mərhələ isə ABŞ Prezidenti Donald Trampın Budapeştin vetosunun ləğvi üçün Macarıstanın Baş naziri Viktor Orban üzərində göstərə biləcəyi mümkün təsiri əhatə edir.

Məqalədə qeyd olunur ki, beşinci addım çərçivəsində Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə istinad edilməklə Macarıstanın səsvermə hüququndan məhrum edilməsi ehtimalı da müzakirə olunur.

Bundan əvvəl bildirilmişdi ki, Ukraynanın Aİ-yə qəbulu ilə bağlı qeyri-real  tarixlər Rusiya ilə mümkün sülh sazişinin imzalanmasını çətinləşdirə bilər.

Jalə Rövşən 

TodayPress TV

tag: Ukrayna ,Avropa İttifaqı ,Üzv ,ABŞ Prezidenti Donald Tramp,Todaypress.tv,