Şura XƏBƏRDARLIQ etdi - Xarici sözlərdən istifadə azalmasa...

Cəmiyyət

26.01.2026 17:47

Azərbaycan Respublikası Audiovizual Şurasında televiziya kanallarının proqram direktorları və baş redaktorları ilə "Televiziya yayımında Azərbaycan dilinin saflığının qorunmasına nəzarət" mövzusunda görüş keçirilib.

Bu barədə TodayPress TV-yə Şuradan məlumat verilib.

14 televiziya kanalının efiri süni zəka əsaslı proqram vasitəsilə monitorinq olunub

Görüşdə televiziya yayımında xarici sözlərdən istifadə ilə bağlı Audiovizual Şuranın apardığı monitorinqlər üzrə 2025-ci ilin dekabr ayının statistikası müzakirə olunub. Keçən ilin son ayında ümumölkə yerüstü və peyk yayımında olan 14 televiziya kanalının efiri süni zəka əsaslı proqram vasitəsilə monitorinq olunub. Monitorinq zamanı bədii filmlər, seriallar, tamaşalar və digər bədii əsərlər, həmçinin xarici vətəndaşların çıxışları nəzərə alınmayıb.

İlkin müşahidələr nəticəsində ən çox rast gəlinən xarici sözlərin istifadəsi yoxlanılıb. Daha sonra həmin sözlərin siyahısı AMEA-nın Dilçilik İnstitutuna təqdim olunmuş, onların həqiqətən xarici söz kimi Azərbaycan dilində qarşılığının olub-olmamasının bildirlməsi xahiş olunub. Dilçilik İnstitutunun rəsmi rəyinə əsasən təqdim olunmuş sözlərdən 33-ü Azərbaycan dilində qarşılığı olan xarici söz kimi müəyyən edilib. Bundan sonra, monitorinqin nəticələri dəqiqləşdirilib və yenilənib.

Azərbaycan dilində qarşılığı olan 33 xarici söz ümumi olaraq 1366 dəfə istifadə olunub

Monitorinqin ümumi nəticələrinə əsasən, dekabr ayında Azərbaycan dilində qarşılığı olan 33 xarici söz 14 televiziya kanalının aparıcıları tərəfindən ümumi olaraq 1366 dəfə istifadə olunub.

Görüşdə aparılan monitorinq işlərinin davamlı olacağı diqqətə çatdırılıb, monitorinqin nəticələrinin televiziya yayımçıları tərəfindən ciddi nəzərə alınması tövsiyə olunub. Yayımçılara bu istiqamətdə redaksiya nəzarətinin gücləndirilməsinin vacibiyi bildirilib, növbəti monitorinqlərin nəticələrinə əsasən Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən yersiz istifadə hallarında tendensiyanın azalmayacağı təqdirdə qanunvericiliyiə müvafiq olaraq inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi qeyd olunub.

 TodayPress TV

tag: Azərbaycan,Audiovizual,Şura,Kanal,Todaypress.tv,