Süni intellekt əsaslı işıqforlar: Yol infrastrukturu hazırdır ?
Cəmiyyət
27.02.2026 17:29
"Ağıllı işıqforların adi işıqforlardan fərqi ondan ibarətdir ki, bu cür işıqforlar əsasən kameralar və sensorlar vasitəsilə yolun sıxlığını və yüklənmə səviyyəsini ölçür, lazım olduqda isə yaşıl işığın müddətini avtomatik olaraq dəyişir".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, zərurət yarandıqda işığın yanma müddəti də dəyişir:
"Məsələn, bir istiqamətdə avtomobillər çoxdursa, yaşıl işığın müddəti uzadılır, boş istiqamətdə isə qısaldılır. Bu cür ağıllı işıqforlar tıxacların azalmasına kömək edir. Lakin bu o demək deyil ki, ağıllı işıqforlar quraşdırılan kimi möcüzə baş verəcək və bütün tıxaclar aradan qalxacaq. Əslində belə deyil. Bu sistem adaptivdir və nəqliyyat axınına uyğun şəkildə tənzimlənir, yəni sıxlığa qismən təsir göstərə bilir".
Ekspert vurğulayıb ki, tıxaclar azalarsa, avtomobillərdən atmosferə buraxılan zərərli qazların miqdarı da azalar:
"Tıxacda qalan avtomobillər atmosferə daha çox zərərli maddə, məsələn, karbon qazı buraxır. Tıxac az olduqda yanacaq sərfiyyatı da azalır. Bu isə sürücülərə iqtisadi baxımdan müsbət təsir göstərir. Hamımız bilirik ki, uzunmüddətli və böyük tıxaclar yanacaq sərfiyyatını artırır və sürücülərə xeyli maddi ziyan vurur. Məsələnin iqtisadi tərəfi budur. Ekoloji tərəfi isə ondan ibarətdir ki, atmosfer havası zərərli qazlarla çirklənir. Bu da gələcəkdə insan sağlamlığı üçün müəyyən mənfi fəsadlar yarada bilər".
Eldəniz Cəfərov əlavə edib ki, həmin işıqforlar vasitəsilə operativ müdaxilə etmək mümkündür:
"Məsələn, hər hansı yol-nəqliyyat hadisəsi və ya fövqəladə hal baş verərsə, sistem vasitəsilə prioritet dəyişdirilə bilər. Ancaq bir məsələ də var ki, belə ağıllı işıqforlar, qeyd etdiyim kimi, möcüzə yaratmır. Bunun üçün yol infrastrukturu da uyğun olmalıdır. Qayda pozuntuları azaldılmalı, parklanma nizamlı təşkil edilməlidir. Bir sözlə, insanlar da yol hərəkəti qaydalarına əməl etməlidirlər".
Onun fikrincə, texnologiya düzgün tətbiq olunsa və sadaladığım amillər də onu dəstəkləsə, Bakıda tıxacları təxminən 15% azaltmaq mümkün olar.
Qeyd edək ki, Bakının küçə və prospektlərində süni intellekt əsasında işləyən adaptiv işıqfor sistemi tətbiq olunmağa başlayıb. Pilot layihə çərçivəsində ümumilikdə 8 kəsişmədə ağıllı işıqforlar quraşdırılıb və artıq sınaq müddətində istifadəyə verilib.
Türkan İsgəndərli
tag: Yol,İşıqfor,Kamera,Süni intellekt,Todaypress.tv,
