SOCAR-a məxsus dəniz özülləri və borular təhlükəli şəraitdə kəsilərək sökülür - İDDİA

SOCAR-a məxsus dəniz özülləri və borular təhlükəli şəraitdə kəsilərək sökülür - İDDİA
28.07.2026 15:51 Cəmiyyət

SOCAR-ın "Abşəronneft" Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) İstehsalat proseslərinin Avtomatlaşdırılması və Nəzarət Ölçü cihazları sahəsinin rəisi Xanhüseyn Tahir oğlu Gözəlov SOCAR prezidenti Rövşən Nəcəfə müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı paylaşım edib.


Müraciətdə idarədə baş verən qanunsuzluqlar, dövlət əmlakının mənimsənilməsi və dəniz ekologiyasının çirkləndirilməsi ilə bağlı ciddi iddialar yer alıb.

X.Gözəlov bildirib ki, idarənin vəzifəli şəxsləri tərəfindən SOCAR-a məxsus dəniz özülləri və borular təhlükəli şəraitdə kəsilərək sökülür, nəticədə Xəzər dənizinin ekosistemi çirkləndirilir:

“Hörmətli cənab Rövşən Nəcəf, SOCAR, ‘Azneft’ İB, ‘Abşəronneft’ NQÇİ-nin vəzifəli şəxsi tərəfindən SOCAR-a məxsus olan dəniz özülləri, borular təhlükəli şəraitdə kəsilərək sökülür. Kəsilmə zamanı Xəzər dənizinin ekosistemi çirkləndirilir. Son dönəmdə Xəzərin Dübəndi və Şüvəlan sahillərində olan neft çirklənmələri mahız bu səbəbdən baş vermişdi. Sonuncu dəfə belə hal 18.06.2026-cı il tarixində müşahidə olunmuşdur. Bununla əlaqədar istismara yararlı olan, dövlətə məxsus boruların kəsilərək mühafizə olunmayan ərazilərdən gəmilər vasitəsi ilə təhlükəli şəkildə ərazidən uzaqlaşdırılmasını əks etdirən videogörüntünü və dənizin neft ləkələri ilə çirklənməsini Sizə təqdim edirəm.”

Sahə rəisi qeyd edib ki, 250 saylı Stasionar Dəniz Özülünün sökülməsi 2026-cı ilin yanvar-fevral aylarında, 11 saylı estakadada olan 8 düyməlik istismara yararlı neft xəttinin heç bir sənəd və icazə olmadan kəsilərək qara metal kimi götürülməsi isə 2026-cı ilin iyul ayında həyata keçirilib.

X.Gözəlov idarədəki qohumbazlıq və korrupsiya faktları barədə müvafiq qurumlara məlumat verdikdən sonra özünə qarşı şiddətli töhmət verildiyini və təzyiqlərlə üzləşdiyini vurğulayıb. O, SOCAR rəhbərliyindən məsələnin araşdırılmasını, qanunsuzluqların qarşısının alınmasını və idarə rəhbərliyi tərəfindən ona edilən təhdidlərin dayandırılmasını xahiş edib.

Qeyd edək ki, Xəzər dənizinin ekoloji mühitinin qorunması və dövlət əmlakının talan olunmasının qarşısının alınması ilə bağlı qaldırılan məsələlər ictimaiyyətin daim diqqət mərkəzindədir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər