Məktəbdə atışma: Üç uşaq və müəllim öldürüldü

Məktəbdə atışma: Üç uşaq və müəllim öldürüldü
17.10.2026 09:52 Dünya

ABŞ-ın Oreqon ştatının Bend şəhərində yerləşən ibtidai məktəbdə baş verən silahlı hücum nəticəsində 3 uşaq və 25 yaşlı müəllim həyatını itirib. Hadisə zamanı daha 2 nəfər, o cümlədən 7 yaşlı qız və 54 yaşlı müəllimə yaralanıb.

TodayPress TV xəbər verir ki, CBS News-un məlumatına görə, hadisə Silver Rail Elementary məktəbində baş verib.

Bend şəhərinin polis rəisi Mayk Krantsın sözlərinə görə, hücumu törətməkdə şübhəli bilinən 16 yaşlı Qriffin Con hadisə şahidi tərəfindən güllələnib. Yeniyetmənin əvvəllər həmin məktəbdə təhsil aldığı bildirilir.

İlkin məlumatlara əsasən, yeniyetmə piyada məktəbin ərazisinə yaxınlaşıb, ov tüfəngini hasarın üzərindən keçirərək həyətə daxil olub. Daha sonra yoldan keçən pikapın sürücüsünə atəş açıb. Sürücü isə təcili yardım xidmətlərinə məlumat verib.

Hadisənin digər şahidi, məktəbdə təhsil alan iki qızın 36 yaşlı atası Keylub Ciamanko məktəbin dayanacağına gedərək qanuni şəkildə əldə etdiyi tapança ilə binaya daxil olub. O, hücum edən şəxsi sinif otağında müəllimə ilə mübarizə aparan vəziyyətdə görüb və ona bir neçə dəfə atəş açıb. Yeniyetmə hadisə yerində ölüb.

Polisin məlumatına görə, hücum edən şəxs məktəbin giriş qapılarının şüşələrinə atəş açaraq binaya daxil olub, daha sonra yaxınlıqdakı sinif otağına keçərək atəş açıb. Həlak olanların və yaralananların hamısı həmin otaqda olub.

Polis rəisi müəllimələrdən birinin hücum zamanı göstərdiyi müqavimətin daha ağır nəticələrin qarşısını almış ola biləcəyini bildirib. Məlumata görə, müəllimə əvvəlcə mobil telefonunu hücum edən şəxsə atıb, daha sonra onun üzərinə atılaraq silahı əlindən almağa çalışıb. Müəllimə xəsarət almayıb.

İstintaqın ilkin məlumatlarına əsasən, yeniyetmə anasının aldığı 12 kalibrli Maverick 88 markalı nasos tipli ov tüfəngindən istifadə edib. Hadisə yerində silah və 44 əlavə patron aşkarlanıb. Polisin qiymətləndirməsinə görə, hücum edən şəxs 15 dəfəyədək atəş açıb.

Yaralanan 7 yaşlı qızın vəziyyətinin ağır, lakin stabil olduğu bildirilir. 54 yaşlı müəllimə Bekki Drurinin xəsarətləri ciddi olsa da, həyatına təhlükə olmadığı qeyd edilir.

Hücumun motivi hələlik müəyyənləşdirilməyib. İstintaqçılar yeniyetmənin kompüterini, telefonunu, sosial şəbəkə hesablarını və internet axtarış tarixçəsini araşdırırlar. Onun kütləvi qətllərə maraq göstərib-göstərmədiyi də yoxlanılır.

Məktəbin rəhbəri Stiven Kukun sözlərinə görə, yeniyetmənin xüsusi təhsil ehtiyacları olub. Atışmanın da əlavə dəstəyə ehtiyacı olan şagirdlər üçün nəzərdə tutulmuş sinif otağında baş verdiyi bildirilir.

Yerli medianın məlumatına əsasən, 2020-ci ildə yeniyetmənin anası televiziya müsahibəsində oğlunun xüsusi təhsil ehtiyaclarından və COVID-19 pandemiyası dövründə distant təhsillə bağlı yaşadığı çətinliklərdən danışıb.

Rəsmilər istintaqın ilkin mərhələdə olduğunu və hadisənin bütün təfərrüatlarının araşdırıldığını vurğulayıblar.

TodayPress TV

XƏBƏR LENTİ
17 OKTYABR 2026
Bütün Xəbərlər