Sədr: "Şəffaflıq olmadan təhlükəsizlik mümkün deyil"
Cəmiyyət
29.01.2026 10:47
"MyLift" platforması lift təhlükəsizliyində rəqəmsal transformasiyanın əsasını qoyur".
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə“MyLift” rəqəmsal platformasının təqdimatı zamanı bildirib.
Assosiasiya sədri qeyd edib ki, liftlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, bəzən onlardan istifadə zamanı istər özümüz, istərsə də yaxınlarımız üçün narahatlıq yaranır.
Onun sözlərinə görə, bu da liftlərin artıq sadəcə şaquli nəqliyyat vasitəsi deyil, insanların təhlükəsizliyinə birbaşa təsir edən mühüm mexanizm olduğunu göstərir:
“Lift hər gün minlərlə insanın istifadə etdiyi vacib bir sistemdir. Bu səbəbdən təhlükəsizlik məsələsi xüsusi yanaşma tələb edir. “MyLift” platformasını şəffaflıq, məsuliyyət və təhlükəsizliyin rəqəmsal zəmanəti kimi dəyərləndirib. Bildirib ki, platformanın yaradılması ilə iş yekunlaşmır, əksinə, əsas mərhələ məhz bundan sonra başlayır".
Sədr əlavə edib ki, layihənin hazırlanmasına təxminən iki ilə yaxın intellektual əmək və bir ildən artıq praktiki iş sərf olunub:
"Komanda bir ilə yaxındır ki, sahədəki bütün problemləri və texniki məsələləri dinləyib, təhlil edib və nəticədə dövlət qurumları ilə razılaşdırılmış hazır bir məhsul ortaya qoyub. “MyLift” platformasının əsas mesajı proseslərin kağız üzərindən və təsadüfi yanaşmadan çıxarılaraq sistemli və rəqəmsal idarəetməyə keçirilməsidir. Platforma elə qurulub ki, insan müdaxiləsinə minimum ehtiyac olsun, proseslər şəffaf işləsin və vətəndaşlara düzgün xidmət göstərilsin".
Bildirilib ki, “MyLift” platforması tam şəkildə ölkə daxilində tətbiq edilməzdən əvvəl artıq beynəlxalq bazara çıxarılması istiqamətində danışıqlara başlanılıb. KOBİA-nın dəstəyi ilə platformanın “Startap şəhadətnaməsi” alaraq beynəlxalq bazara təqdim olunması planlaşdırılır.
Türkan İsgəndərli
tag: Orxan Xəlilzadə,Tədbir,Platforma,Təqdimat,Todaypress.tv,
