Sabunçu Tibb Mərkəzində rüsvayçılıq: "İnsultlu xəstəyə MRT-nin cavabı sabah çıxacaq dedilər" — Həkim üsyan etdi

Sabunçu Tibb Mərkəzində rüsvayçılıq: "İnsultlu xəstəyə MRT-nin cavabı sabah çıxacaq dedilər" — Həkim üsyan etdi
10.06.2026 12:23 Cəmiyyət

Təcili yardım və daxili xəstəliklər həkimi Pərvanə Fətullayeva kəskin insult şübhəsi ilə Sabunçu Tibb Mərkəzinə çatdırılan xəstənin müayinəsi zamanı ciddi nöqsanla qarşılaşdıqlarını bildirib.

TodayPress TV xəbər verir ki, həkim bu barədə özünün "Facebook" hesabında paylaşım edib.

Pərvanə Fətullayevanın sözlərinə görə, təcili yardım həkimi kimi kəskin insult (beyin qan dövranının pozulması) şübhəsi olan bir xəstəni Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edib.

“Xəstəxanadakı növbətçi həkim bizə: “Xəstəni o biri korpusa aparın, beyin MRT-si etdirin”, – dedi. Müayinə aparıldı və bildirildi ki, “MRT cavabını oxuyan mütəxəssis hazırda yoxdur, sabah səhər saat 10-da gələcək…”

Dəhşətli xəta da məhz buradadır! İnsult zamanı hər dəqiqədə 1,9 milyon beyin hüceyrəsi (neyron) ölür və həyatı xilas etmək üçün cəmi 4,5 saatlıq “terapevtik pəncərə” mövcuddur. Xəstəni növbəti günün səhərinə qədər gözlətmək onu birbaşa əlilliyə və ya ölümə məhkum etmək deməkdir”, – deyə o qeyd edib.

Həkim bildirib ki, Amerika Ürək və İnsult Assosiasiyasının (AHA/ASA) rəsmi təlimatına əsasən, kəskin insult şübhəsi olan xəstə xəstəxanaya daxil olan andan etibarən ilk addım olaraq MRT-yə yox, kontrastsız beyin KT-sinə (Kompüter Tomoqrafiyası) yönləndirilməlidir.

“Niyə KT?

Sürət: KT müayinəsi cəmi 2–3 dəqiqə çəkir, MRT isə 25–30 dəqiqə. Kəskin xəstə üçün bu, çox böyük zaman fərqidir.

Məqsəd: İlk dəqiqələrdə məqsəd beyindəki zədənin böyüklüyünü müəyyən etmək deyil, xəstəyə trombəridici müalicə tətbiq etmək üçün əks-göstəriş sayılan qanaxmanı (hemorragiyanı) istisna etməkdir. KT qanaxmanın aşkarlanması üçün qızıl standartdır.

Mütəxəssis asılılığı yoxdur: KT görüntülərində qanaxmanı təcili yardım həkimi və ya növbətçi həkim də xüsusi radioloq olmadan dərhal görə bilər. MRT-nin qiymətləndirilməsi isə mütəxəssis tələb edir və bizim hadisədə olduğu kimi xəstə çıxılmaz vəziyyətdə qala bilir.

“MRT etdirin, cavab sabah çıxacaq” yanaşması həm tibbi, həm də hüquqi baxımdan ciddi xətadır. Tibb müəssisələrində daxili insult alqoritmləri mütləq yenilənməlidir. Xəstəxanaya gətirilən insult xəstəsi birbaşa və təcili şəkildə KT müayinəsinə yönləndirilməlidir!”, – deyə Pərvanə Fətullayeva vurğulayıb.

Qiymət Mahir


XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər