Robotik əməliyyat sahəsi genişləndiriləcək - TƏBİB

Cəmiyyət

22.01.2026 17:12

"Hazırda robotik əməliyyatlar Yeni Klinika ilə başlayıb və yaxın müddətdə Bakı şəhərində yerləşən digər tibb müəssisələrində də tətbiq olunması planlaşdırılır".

TodayPress TV xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov robotik cərrahiyyənin ölkədə tətbiqi və gələcək planlarla bağlı jurnalistlərin suallarını cavablandırıb.

Onun sözlərinə görə, bu proses zamanla müəyyənləşəcək.

"İndidən onların adlarını çəkmək istəmirik. Bu proqram bahalıdır, ona görə də ilk dövrlərdə yalnız Yeni Klinika üzərindən həyata keçirilir. Digər müəssisələrdə xidmətin tətbiqi üçün isə kadrların yetişdirilməsi və öyrədilməsi vacibdir".

O əlavə edib ki, Yeni Klinika yalnız əməliyyat mərkəzi deyil, həm də təlim mərkəzi kimi fəaliyyət göstərəcək. Burada həm Azərbaycan həkimləri, həm də digər ölkələrdən gələn tibbi heyətlər üçün təlimlər keçiriləcək.

"Cənab prezidentin tapşırığına əsasən, ölkədə sosial yönümlü vəsaitlər səhiyyə sahəsində xəstəxanalara ayrılır və bu vəsait hər il artırılır. Dövlətimizin siyasəti odur ki, hər bir vətəndaşın tibbi xərcləri tam şəkildə əhatə olunsun. Bu səbəbdən robotik cərrahiyyə üçün lazım olan sərfiyyat materialları İcbari Tibbi Sığorta Agentliyi tərəfindən tam qarşılanır və vətəndaşlar üçün əlavə çətinlik yaratmır. Xidmət çeşidlərimiz artdıqca sığorta paketi də bu imkanları əhatə edəcək".

Türkan İsgəndərli

TodayPress TV

tag: Vüqar Qurbanov,TƏBİB,Tədbir,Çıxış,Todaypress.tv,