Qulu Məhərrəmli: "Məntiqi əsas olmadan ad dəyişikliklərinə ehtc yoxdur"
Cəmiyyət
26.01.2026 17:16
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aranın “Azəri” sözünün Azərbaycanla əlaqəsinin olmadığı və “Azəriqaz” adının dəyişdirilməsinin vacibliyi ilə bağlı səsləndirdiyi fikir müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru Qulu Məhərrəmli TodayPress TV-yə mövqeyini açıqlayıb.
O bildirib ki, bu mövzuda aparılan mübahisələrin ciddi elmi əsası yoxdur və mövcud adların dəyişdirilməsinə ehtiyac görmür:
"Bir çox qurumların adında yer alan “Azər” və “Azəri” sözləri Azərbaycan toponiminin qısaldılmış formasıdır. “Azərsun”, “Azərxalça”, “Azəriqaz”, “Azərmetal” kimi adların hamısı “Azərbaycan” sözünün ixtisarından yaranıb. “Azəriqaz” sözündə “i” saitinin artırılması isə texniki və fonetik uyğunluqla bağlıdır və bunu hər hansı etnik və ya ideoloji məna ilə əlaqələndirmək doğru deyil".
Professor vurğulayıb ki, “Azəri” sözünün bəzən cəmiyyətdə qıcıq yaratması tarixi-ideoloji səbəblərlə bağlıdır. Xüsusilə XX əsrin əvvəllərində, Pəhləvi rejimi dövründə ideoloq Kəsrəvinin İranda yaşayan azərbaycanlıların guya türk yox, “azəri” tayfalarından formalaşdığı ilə bağlı irəli sürdüyü iddialar elmi əsası olmayan yanaşmalar olub:
"Bu fikirlərin əsas məqsədi isə Şimal və Cənub Azərbaycan anlayışını zəiflətmək, eləcə də Türkiyə ilə etnik-mədəni bağlılığı arxa plana keçirmək idi. Həmin ideoloji yanaşmalar sonradan “Azəri” sözü ətrafında yanlış təsəvvürlərin formalaşmasına səbəb olub. Bu mövzu tarixçilər arasında elmi müzakirə predmeti ola bilər, lakin dövlət qurumlarının və şirkətlərin adlarında işlədilən “Azər” və “Azəri” ifadələrinin etnik “azəri” anlayışı ilə heç bir əlaqəsi yoxdur".
Qulu Məhərrəmli sonda bir daha vurğulayıb ki, söhbət sadəcə “Azərbaycan” sözünün qısaldılmış variantından gedir və bu adların dəyişdirilməsi üçün elmi və məntiqi əsas mövcud deyil.
Türkan İsgəndərli
tag: Qulu Məhərrəmli,Azəriqaz,Pəhləvi,Milli Məclis,Todaypress.tv,
