Qəza zamanı sığortaya müraciət gecikərsə, ödəniş dayandırıla bilər?

Cəmiyyət

14.11.2025 18:12

Vətəndaşlardan biri TodayPress TV-yə müraciət edərək bildirib ki, avtomobili hərəkətdə olarkən başqa nəqliyyat vasitəsi tərəfindən vurulub. O, məsələ ilə bağlı sığorta şirkətinə müraciət etsə də, şirkət hadisə anında məlumat verilmədiyi üçün ödənişdən imtina edilə biləcəyini qeyd edib.

Məsələyə münasibət bildirən sığorta eksperti Nicat Əlibəyli TodayPress TV-yə deyib ki, qaydalara əsasən hadisə baş verən anda sığorta şirkətinə dərhal məlumat verilməlidir.


Lakin bu, gec xəbər verildiyi halda ödəniş mütləq rədd ediləcək demək deyil:

"Bəzi istisna hallar mövcuddur. Əgər polisə hadisə vaxtında məlumat verilibsə, maşının vəziyyəti, tarixi və saatı qeydə alınıbsa, bu, sübut kimi qəbul edilir. Sığorta şirkəti gec məlumat verildiyini əsas gətirə bilər, amma bu, ödənişin tamamilə edilməyəcəyi anlamına gəlmir".

Ekspertin sözlərinə görə, polis tərəfindən tərtib olunan sənədlər, xüsusilə Forma 4 sığorta şirkətinə təqdim edildikdən sonra prosedur normal şəkildə davam edir.

O əlavə edib ki, əgər hadisəni törədən şəxs qəza yerindən yayınırsa və hadisə yalnız polis arayışı ilə təsdiqlənirsə, sığorta şirkəti yenə də ödənişi edir:

"Şirkət zərəri əvvəlcə ödəyir, lakin sonradan hadisəni törədən şəxsdən bu vəsaiti geri tələb etmək hüququna malikdir. Hadisə qeydə alınıbsa və polis arayışı varsa, zərərçəkmiş şəxs sığorta ödənişini ala bilər".

Nicat Əlibəyli qeyd edib ki, sığorta hadisəsi baş verən kimi həm polisə, həm də sığorta şirkətinə məlumat verilməsi vacibdir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Maşın,Qəza,Sığorta,Vəsait,Todaypress.tv,