Özbəkistanda 2 373 dini təşkilat fəaliyyət göstərir

Cəmiyyət

24.12.2025 11:10

“Qanunçuluq və bərabərlik prinsipləri əsasında dövlət–din münasibətlərinin təşkili, müxtəlif mədəni və dini icmalar arasında tolerantlıq mədəniyyətinin formalaşdırılması sülhün qorunmasının və dayanıqlı inkişafın təmin edilməsinin ən mühüm şərtlərindən biridir”.

TodayPress TV xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanın inkişafının yeni mərhələsində dini tolerantlığın, millətlərarası razılaşmanın və sosial sabitliyin möhkəmləndirilməsinə, eləcə də böyük alim və mütəfəkkirlərin zəngin elmi-mənəvi irsinin dərindən öyrənilməsinə yönəlmiş düşünülmüş islahatlar ardıcıl şəkildə həyata keçirilir:

“Bu gün Özbəkistanda 130-dan artıq millət və xalqın, eləcə də 16 dini konfessiyanın nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır və onların hamısı üçün vicdan azadlığı tam təmin olunub. Hazırda ölkədə fəaliyyət göstərən 2 373 dini təşkilatdan 2 174-ü İslam dininə, 199-u isə digər konfessiyalara aiddir.

Son səkkiz il ərzində respublika üzrə 134 dini təşkilat qeydiyyata alınıb. Onların sırasında 3 ali və 1 orta ixtisas islam təhsil müəssisəsi, 105 məscid, eləcə də digər konfessiyalara aid 25 dini təşkilat mövcuddur”.

Kamilov vurğulayıb ki, qısa müddət ərzində Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi, İmam Buxari, İmam Maturidi, İmam Tirmizi, Bəhaəddin Nəqşbənd adına Beynəlxalq Elmi-Tədqiqat mərkəzləri, Özbəkistan Beynəlxalq İslam Akademiyası, Səmərqənddə Hədis Elmi Məktəbi və Buxarada “Mir Ərəb” Ali mədrəsəsi yaradılıb.

Onun sözlərinə görə, dünyəvi inkişaf yolu müstəqil Özbəkistanın ictimai-siyasi və konstitusion seçimidir və bu prinsip Özbəkistan Respublikası Konstitusiyasının yeni redaksiyasının 1-ci maddəsində açıq şəkildə təsbit olunub. Müzəffər Kamilov bildirib ki, müasir özbək cəmiyyətində “dünyəvilik” anlayışı vicdan azadlığı, bütün dinlərin qanun qarşısında bərabərliyi və dinin siyasətdən ayrılması kimi üç əsas dəyərə söykənir. 

“Dünyəvilik və dindarlıq bir-birinə zidd deyil, əksinə, insan həyatının mahiyyətini dərk etməyin bir-birini tamamlayan formalarıdır. İslamda dünyəvilik dinə yad anlayış deyil və Qurani-Kərimin “Dində məcburiyyət yoxdur” ayəsi, eləcə də Mədinə Xartiyası bu prinsipin tarixi və dini əsaslarını açıq şəkildə nümayiş etdirir”, - deyə o bildirib. 

Sonda Müzəffər Kamilov əlavə edib ki, müsəlman alimlərinin qeyd etdiyi bərabərlik, azadlıq, ədalət və məşvərət prinsiplərinə əməl edildiyi təqdirdə, idarəetmə formasından asılı olmayaraq dövlət İslamın əsas dəyərlərinə uyğun olur.

Qiymət Mahir

TodayPress TV

tag: Müzəffər Kamilov,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,