Ombudsman: “İşğal dövründə dini abidələrimiz vandalizmə məruz qalıb”

Cəmiyyət

24.12.2025 11:02

“Bu il Vətən müharibəsində qazandığımız parlaq Zəfərin 5-ci ildönümünü təntənəli şəkildə qeyd etdik. Artıq suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş ölkəmizdə, xüsusən Qarabağ və Şərqi Zəngəzurda yeni bir dirçəliş ab-havası hökm sürür”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

Ombudsman bildirib ki, uzun illər hüquqları kobud şəkildə pozulmuş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və fundamental hüquqlarının bərpası cəmiyyət tərəfindən böyük sevinc hissi ilə qarşılanır. Bununla yanaşı, Səbinə Əliyeva təəssüflə qeyd edib ki, 30 ilə yaxın davam etmiş Ermənistan işğalı dövründə digər infrastruktur obyektləri ilə yanaşı, azərbaycanlılara məxsus dini abidələr, məscidlər və qəbiristanlıqlar da dağıdılıb və təhqirə məruz qalıb.

“Hazırda həmin məscidlərin və digər dini abidələrin yenidən qurularaq istifadəyə verilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət ayrılır ki, bu da xalqımızın əsrlər boyu yaşatdığı dini inanclara göstərilən ehtiramın bariz nümunəsidir. Azərbaycan bu gün dünyada humanitar təşəbbüsləri və dini abidələrin bərpasına verdiyi dəstəklə də tanınır və bu sahədə Heydər Əliyev Fondunun xüsusi rolu olub”.

Səbinə Əliyeva Forumda iştirak edən xarici qonaqların və dini konfessiyaların nümayəndələrinin diqqətinə çatdırıb ki, erməni işğalı dövründə məscidlərin və dini abidələrin demək olar ki, hamısı dağıdılıb, təhqirlərə məruz qalıb, qəbiristanlıqlarda isə kütləvi şəkildə minalar basdırılıb.

O əlavə edib ki, Ombudsman təsisatı olaraq məscidlərin, dini abidələrin və qəbiristanlıqların erməni vandalizminə məruz qalmasını əks etdirən faktlar aidiyyəti hesabatlarda öz əksini tapıb və bu məlumatlar dünya ictimaiyyətinin, eləcə də müxtəlif dini icma və konfessiyaların diqqətinə çatdırılıb.

Bununla yanaşı, Ombudsman paytaxt və regionları əhatə etməklə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və dini icmalarla əməkdaşlıq çərçivəsində dini tolerantlıq, multikulturalizm, vicdan azadlığı və dinlərin sülhə töhfəsi mövzularında davamlı maarifləndirmə tədbirlərinin həyata keçirildiyini bildirib.

Səbinə Əliyeva xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidentinin müdrik hərbi-diplomatik siyasəti nəticəsində regionda sülhün bərqərar olunması və bununla da insan hüquqlarının inkişafı istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, əldə olunan nəticələr ölkəmizi regional və qlobal müstəvidə sülhün, təhlükəsizliyin və humanitar əməkdaşlığın təşviqinə yönələn təşəbbüslərin fəal iştirakçısına çevirib.

Qiymət Mahir

TodayPress TV

tag: Səbinə Əliyeva,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,