"Mobifon Electronics"dən şikayət var - Əlavə ödəniş tələb olunur
Cəmiyyət
02.03.2026 12:33
“Mobifon Electronics” mağazası ilə bağlı TodayPress TV-yə şikayət daxil olub.
Bir müddət öncə mağazadan iPhone 16 Pro Max almaq istəyən müştəri dələduzluğun qurbanı olduğunu iddia edib.
Onun sözlərinə görə, mağaza ona iPhone 16-nı məsləhət görüb və mobil telefonun saytda yazılan satış qiyməti ilə ondan alınan ödəniş fərqli olub.
Xanım onu da əlavə edib ki, orijinal adı ilə 25 manata ona satılan telefon qoruyucusu üstündən bir ay keçməmiş rəngini dəyişib.
Üstəlik, sözügedən mağazada müştəriyə telefon aksesuarları sığorta şəklində təklif olunsa da, müqavilə imzalanandan sonra həmin anda aksesuarların ödənişini tələb ediblər.
Müştəri həmçinin bildirib ki, sözügedən mağazada problem təkcə mobil telefonlarla bağlı deyil, AirPods satışında da problemlər var. AirPods-ların qiymətləri də mağazanın sosial şəbəkə hesablarında göstərilən qiymətlərdən bahadır.
Hətta bu qiymət fərqini gördükdən sonra məhsulu qaytarmaq istəyərkən problemlər yaşayıb.
Şikayətçi onu da vurğulayıb ki, kreditə götürülən telefonun aylıq ödənişində də problem yaranır. Belə ki, hər kredit ödənişində ondan artıq komissiya tutulur. Ödəniş günü isə günün sonu olmadan ona hədə-qorxu gəlirlər.
Məsələ ilə bağlı Mobifon Elektroniks mağazası ilə əlaqə saxladıq, mağazanın nümayəndəsi şikayətçinin iddialarının əsassız olduğunu bildirdi.
Qeyd edək ki, bu, baş verən ilk belə hal deyil. Bəzi elektronika mağazaları insanlara elə "səmərəli" şərtlərlə, kreditlə elektronik məhsullar təklif edirlər ki, insanlar bu şərtlərə inanırlar.
Əksər hallarda rəsmi iş yerlərindən arayış belə tələb olunmur, bu da insanları şirnikləşdirir. Sonda da bu cür problemlər yaranır.
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc TodayPress TV-yə danışarkən bildirib ki, sərfəli qiymətlərlə alıcılara təklif olunan məhsullar sonradan böyük risklər yaradır. Sədr vurğulayıb ki, belə halların baş verməməsi üçün istehlakçıların hüquqlarını pozan mağazalar mütləq şəkildə cəzalandırılmalıdır.
Vüsalə Nəciyeva
TodayPress TV
tag: Mobifon Electronics,Vətəndaş,Şikayət,Mağaza,Todaypress.tv,
