Millət vəkili: “Sosial şəbəkələrlə bağlı xüsusi qanun qəbul olunmalıdır”
Cəmiyyət
27.02.2026 14:47
“Azərbaycanın döyüş meydanında qazandığı tarixi zəfəri həzm edə bilməyənlər, bundan yuxusu haram olanlar, eyni zamanda həmin meydanda Azərbaycanın qarşısında aciz qalanlar virtual aləmi özləri üçün döyüş meydanına çeviriblər”.
Bu fikirləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, üzbəüz, kişi kimi döyüşməyi bacarmayanlar indi kiberhücumlar vasitəsilə Azərbaycana təzyiq və təhdid göstərmək istəyirlər.
“Bunları daha çox hibrid hücumlar vasitəsilə reallaşdırırlar. Bu, informasiya müharibəsidir, əsl informasiya müharibəsidir. Bu müharibənin də öz tankları, öz topları, öz raketdən müdafiə sistemləri, öz PUA-ları mövcuddur və imkan düşdükcə Azərbaycana qarşı bu yolla təzyiq və təhdid siyasətini həyata keçirirlər. Sonuncu dəfə Azərbaycan dövlət qurumlarının saytlarına qarşı güclü, hərtərəfli kiberhücum olmuşdu. Aparılan araşdırmalar göstərmişdi ki, bu hücumların başlanğıc nöqtəsi Rusiya ərazisindən qaynaqlanır”.
Deputat vurğulayıb ki, hazırda Azərbaycana qarşı hibrid hücumlar həyata keçirilir, dezinformasiyalar və feyk məlumatlar yayılır:
"Tarix bir daha bir həqiqəti təsdiq edir ki, dövlət iki halda ciddi təzyiq və təhdid hədəfinə çevrilir: Biri zəif olanda, biz bunu ötən əsrin 90-cı illərinin əvvəllərində yaşamışıq, digəri isə, nə qədər paradoksal səslənsə də, güclü olanda. Düşmənlərimiz və onların əlaltıları o qədər azğınlaşıblar ki, artıq şəxsi münasibətlər fonunda da bunu reallaşdırırlar. Dövlət rəhbərliyinə qarşı da informasiya məkanında eyni hücumlar həyata keçirilir. Təbii ki, bütün bu reallıqlara qarşı biz də öz gücümüzü səfərbər etməliyik".
Parlamentari hesab edir ki, sosial şəbəkələrlə bağlı məsələlərə də xüsusi diqqət yetirilməlidir. Bunun üçün ayrıca bir qanunun qəbuluna ehtiyac var:
"Televiziya böyük informasiya yayımı mənbəyidir və milyonlarla auditoriyaya malikdir. Bu baxımdan televiziya verilişləri, xüsusilə aparıcıların bacarıq və qabiliyyətləri ön plana çəkilməlidir. Televiziyalarda bayağılıqdan uzaq durulmalı, bayağı aparıcılar efirdən uzaqlaşdırılmalıdır. Azərbaycan həqiqətləri televiziya məkanında öz əksini tapmalıdır. Təkcə ölkə daxilində deyil, xarici media məkanında da Azərbaycanın güclü səsi eşidilməlidir. Bu istiqamətdə xarici dillərdə yazan jurnalistlər yetişdirilməlidir ki, onlar ingilis, fransız, alman, italyan, çin və ərəb dillərində yazılar və müsahibələr hazırlaya bilsinlər. Nəticə etibarilə, bu, informasiya müharibəsində qələbəmizi şərtləndirən mühüm amillərdən birinə çevrilə bilər".
Qeyd edək ki, son günlər Azərbaycana qarşı kiber hücumlar artıb. Bunun arxasında Rusiyanın dayanıdığı güman edilir.
Türkan İsgəndərli
tag: Azərbaycan,Sosial media,Kiberhücum,Rusiya,Todaypress.tv,
