"Metro yoxdur deyə insanlar şəhərə gəlməyəcək?" – Memardan etiraz
Cəmiyyət
18.05.2026 15:27
Bakıda son illər nəqliyyat sıxlığı, şəhərsalma və metro infrastrukturunun genişləndirilməsi ilə bağlı müzakirələr daha da aktuallaşıb. Xüsusilə paytaxtın Binəqədi, Bakıxanov, Qaraçuxur və Yeni Yasamal kimi sıx məskunlaşmış ərazilərində metro stansiyalarının olmaması tez-tez ictimai müzakirə mövzusuna çevrilir.
Bu fonda Bakı Metropoliteninin rəisi Vüsal Aslanovun “bəzi ərazilərdə metro tikilməməsinin səbəbinin həmin yerlərdən Bakıya axının qarşısını almaq” olduğu barədə səsləndirdiyi fikir diqqət çəkib.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan memar Cahid Həsənov bildirib ki, şəhərdə nəqliyyat yükünün azalması üçün əsas prioritet metro nəqliyyatının inkişaf etdirilməsi olmalıdır.
Onun sözlərinə görə, hər hansı qəsəbədə metro xəttinin olmaması insanların şəhərə gəlməsinin qarşısını almır:
"Şəhərdə nəqliyyat yükünün azalması üçün təbii olaraq həm yolların genişləndirilməsi, mövcud yollarda müəyyən qayda-qanunların düzgün və səlis şəkildə tətbiq edilməsi, ən əsası isə bu yükü azaldacaq yeraltı nəqliyyatın, yəni metronun inkişafı vacibdir.
Deyək ki, mərkəzdən kənarda yerləşən hər hansı bir qəsəbədə yeraltı nəqliyyat yoxdursa, həmin əhalinin yerüstü nəqliyyatdan istifadə etməsi qaçılmazdır. İnsanlar gündəlik işə gedib-gəlir, qohum-əqrəba ziyarət edir, klinikalara və müxtəlif ünvanlara üz tutur. Yəni, metro tikintisinin olmaması həmin ərazidən şəhərə gəliş-gedişin qarşısını almaq demək deyil. Əksinə, həmin qəsəbələrdən mərkəzə gələn insanların yerüstü nəqliyyatdan istifadə yükünün azalaraq yeraltı nəqliyyata ötürülməsi müsbət haldır".
Memar hesab edir ki, iri ticarət obyektlərinin və topdansatış mərkəzlərinin şəhər kənarına yerləşdirilməsi müəyyən mənada faydalı olsa da, bu yanaşma tıxac problemini tam aradan qaldırmır. Onun fikrincə, belə addım yeni hərəkət axınları yarada bilər:
"Ticarət obyektlərinin, iri həcmli komplekslərin qəsəbələrdə inşa olunması, bəli, çox düzgün yanaşmadır. Amma burada başqa məsələ də var. Məsələn, şəhərdəki iri ticarət mərkəzlərinin yarısını şəhərdən kənara köçürsək, bu dəfə şəhərin mərkəzində yaşayan çoxsaylı insanlar gündəlik həmin ərazilərə getməli olacaqlar. Yəni, bir tərəfdən qəsəbələrdən şəhərə gələnlərin sayı azalırsa, digər tərəfdən şəhərdən həmin qəsəbələrə gedənlərin sayı artır və nəticədə yollar yenə də birə on, birə iyirmi, hətta birə otuz yüklənə bilir".
Ekspert əlavə edib ki, Bakının sürətli böyüməsi şəhərsalma baxımından əlavə təzyiqlər yaradır.
"Həm əhali, həm də biznes subyektləri əsasən şəhərin mərkəzinə yönəlməyə çalışır. Bəzən deyirlər ki, paytaxt filan rayona köçürülsün və ya hansısa ərazi əsas mərkəzə çevrilsin. Amma şəhərsalma və memarlıq belə hesablanmır. İlk növbədə yolların genişliyi, nəqliyyat axını və şəhərin inkişaf tempi nəzərə alınmalıdır. Təbii ki, Bakı sürətlə inkişaf edir, turistlər artır, beynəlxalq tədbirlər keçirilir, regionlardan daimi köç edənlər çoxalır. Şəhər bütün dünya şəhərlərindən fərqli şəkildə sürətlə böyüyür. Burada əsas mənfi məqam odur ki, əhali artdıqca hamı şəhərin mərkəzinə yönəlmək istəyir. Bu isə onsuz da sıx olan mərkəzdə əlavə sıxlıq yaradır. Sahibkarlar da investisiyalarını əsasən şəhərin mərkəzində, ən sıx ərazilərdə etməyə çalışırlar ki, qoyduqları vəsaiti daha tez geri qaytarsınlar və qazanc əldə etsinlər. Amma bu düşüncə tərzi cəmiyyət tərəfindən dəyişməlidir".
Cahid Həsənov sovet dövrü ilə müqayisədə bu gün şəhərin müxtəlif ərazilərində sosial və istirahət məkanlarının yaradıldığını da vurğulayıb.
Onun sözlərinə görə, bu yanaşma insanların hər dəfə şəhər mərkəzinə üz tutmasının qarşısını müəyyən qədər alır:
"20-30 il əvvəl insanlar park və bulvar deyəndə əsasən Malakan bağına və Dənizkənarı Bulvara gedirdilər. Qəsəbələrdən və rayonlardan həmin ərazilərə böyük axın olurdu. Zaman keçdikcə isə müxtəlif qəsəbə və rayonlarda yeni parklar, sosial və istirahət məkanları salındı.
Bu gün insanlar daha çox yaşadıqları ərazilərdəki parklardan istifadə edirlər. Bu da həm vaxta, həm nəqliyyat xərclərinə qənaət edir, həm də uzaq məsafələrə getmək ehtiyacını azaldır. Hazırda Bulvar, Fəvvarələr Meydanı, Qız Qalası və tarixi binaların yerləşdiyi ərazilər daha çox turistlərin üz tutduğu məkanlara çevrilib".
O hesab edir ki, Bakıda tıxac probleminin əsas həlli nəqliyyat sisteminin düzgün planlaşdırılması və metro xətlərinin genişləndirilməsindən keçir. Yeni yolların çəkilməsi vacib olsa da, şəhərin inkişaf tempi bunu təkbaşına yetərli etmir:
"Bu problemin əsas həlli nəqliyyat sisteminin düzgün qurulmasıdır. Burada əsas diqqət metro nəqliyyatına yönəlməlidir. Çünki metro nəqliyyat yükünü ciddi şəkildə azalda bilir. Yeni yolların və prospektlərin salınması vacibdir. Amma şəhərin artım tempi o qədər yüksəkdir ki, yeni yollar belə mövcud yükü tam qarşılaya bilmir. Bakıya həm ölkədaxili, həm də xaricdən böyük maraq var. Yeni iş yerləri açılır, turist sayı artır. Bu, iqtisadi baxımdan müsbət haldır.
Lakin aidiyyəti qurumlar və beyin mərkəzləri davamlı monitorinqlər aparmalıdır. Əhalinin hansı istiqamətlərdə məskunlaşacağını əvvəlcədən müəyyən edib tədbirləri tıxac yarandıqdan sonra deyil, əvvəlcədən görməlidirlər. Şəhərsalma memarlarının əsas işi də məhz budur".
Memar “20 Yanvar” dairəsindəki tıxacları nümunə göstərərək bildirib ki, belə problemlər əvvəlcədən strateji hesabatlarla proqnozlaşdırılmalı idi. Sonda ekspert qeyd edib ki, gələcəkdə Bakının müxtəlif qəsəbələrinin metro ilə təmin olunması real görünür:
"Yeni metro stansiyalarının tikilməsi və istifadəyə verilməsi çox mühüm əhəmiyyət daşıyır. Əgər bu stansiyalar tikilməsəydi, bu gün Bakıda tıxaclar daha ağır vəziyyətdə olardı. Necə ki, İstanbul və digər böyük şəhərlərdə 3-5 saat davam edən tıxaclar adi hala çevrilib. Metro tikintisinin davam etdirilməsi gələcəkdə Bakının müxtəlif qəsəbələrinin də metro ilə təmin olunmasına şərait yaradacaq. İnsanların məskunlaşması və hərəkət dinamikası əsasında bir çox qəsəbəyə metro xətlərinin çəkilməsi tam mümkündür. İnanıram ki, bu baş verəcək".
Türkan İsgəndərli
tag: Cahid Həsənov,Memar,Bakı,Metro,Todaypress.tv,
