İtki yoxdur, təcrübə var: Gənc ixtraçıdan böyük layihə
Cəmiyyət
28.02.2026 13:59
Gənc yaşlarından texnologiyaya böyük maraq göstərən Mir Kamil Quluzadə bu gün artıq öz layihələri ilə diqqət mərkəzindədir. Milli Aviasiya Akademiyasının birinci kurs tələbəsi olan Mirkamil mexatronika ixtisası üzrə təhsil alır və uşaqlıq xəyalını reallığa çevirir.
O, TodayPress TV-yə müsahibəsində ilk dron modelini səkkizinci sinifdə oxuyarkən düzəltdiyini bildirib:
"Həmin model penoplastdan hazırlanıb, qanadları isə kartondan idi. O zaman materiallar haqqında kifayət qədər məlumatım olmadığı üçün bu materiallardan istifadə etmişdim. Hazırda son modelim “kamikadze”dir. Layihəni hazırlamaqda əsas məqsədim gələcəyim üçün təcrübə toplamaqdır. Çünki yalnız oxumaqla kifayət qədər təcrübə əldə etmək mümkün deyil. Eyni zamanda praktiki bacarıqları da inkişaf etdirmək vacibdir".
Mirkamilin kartondan istifadə etməkdə əsas məqsədi elektronikanı test etməkdir:
"Çünki öz uzaqdan idarəetmə sistemimi hazırlamışam və bu sistem 8 kilometr məsafədə idarəetməni təmin edir. Gövdəni daha keyfiyyətli materialdan hazırlayıb zədələməmək üçün test mərhələsində kartondan istifadə etmişəm. Modelin üzərində 10 000 milliamper-saatlıq batareya quraşdırılıb. Bu isə təxminən 8 saata qədər uçuş müddəti deməkdir. Kamera sistemi ilə bağlı icazə və texniki məhdudiyyətlər səbəbindən geniş məsafə testləri tam şəkildə həyata keçirilə bilməyib".
O, indiyədək ümumilikdə doqquz model hazırlayıb. Onlardan beşi hazırda tam sağlam vəziyyətdə olsa da, dörd model testlər zamanı yanaraq sıradan çıxıb. Lakin gənc ixtiraçı bunu itki deyil, təcrübə kimi dəyərləndirir:
“Gələcəkdə kartonu kompozit materiallarla, karbon fiber və ya fiberqlasla əvəz etməyi planlaşdırıram. Çünki bu materiallar həm yüngüldür, həm də möhkəmliyinə görə üstünlük təşkil edir”.
Gənc ixtiraçı drondan əsasən müşahidə və hobbi məqsədilə istifadə etməyin mümkün olduğunu deyib.
Hazırda o komandası ilə birlikdə, dünyanın ən böyük aviasiya, aerokosmik və texnologiya festivalı olan “Texnofest”ə və Dünya Robot Çempionatına hazırlaşır.
Türkan İsgəndərli
tag: Mir Kamil Quluzadə ,Karton,PUA,İxtira,Todaypress.tv,
