Fotoqraf Ağoğlanda ermənilərin sirrini açdı – bir xətt ilə tarixi saxtalaşdırıblar
Fotoqraf Əli Əkbər Ağoğlan monastırı ilə bağlı diqqətçəkən paylaşım edib. O, işğal dövründə abidədə aparıldığı iddia edilən dəyişikliklər və tarixi saxtalaşdırma cəhdləri barədə məlumat verib.
TodayPress TV xəbər verir ki, fotoqrafın sözlərinə görə, 1997-2001-ci illərdə erməni diasporunun maddi dəstəyi ilə Ağoğlan monastırında guya “restavrasiya” işləri həyata keçirilib.
Əli Əkbər bildirib ki, abidənin pəncərələri və müxtəlif hissələrində qriqoryan xaçları həkk olunub, divarlardakı yazılar korlanaraq silinib, bəzi tarixi simvollar və ornamentlər isə dəyişdirilərək tanınmaz hala salınıb.
Onun sözlərinə görə, ümumi giriş qapısının önündə xaçdaşları basdırılıb, monastırın ətrafına isə dörd qəbir daşı yerləşdirilərək abidə erməni kilsəsi kimi təqdim olunmağa çalışılıb.
Fotoqraf iddia edib ki, xristianlığın qriqoryan məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsi də monastırın divarlarının müxtəlif hissələrinə bərkidilib.
Əli Əkbər paylaşımında qeyd edib ki, Alban xristian dövrünə aid çoxsaylı məzar nümunələri ABŞ-da radiokarbon analizlərinə cəlb edilib. Onun iddiasına görə, nəticələrdə erməni izinə rast gəlinmədiyi üçün məlumatlar ictimaiyyətə açıqlanmayıb.
“Ağoğlan monastırı Laçın-Minkənd şose yolunun 30-cu kilometrliyində, Ağoğlan (Kosalar) kəndində yerləşir. Abidənin əsası V-VI əsrlərdə qoyulub”, – deyə paylaşımda bildirilir.
Fotoqraf, həmçinin işğal illərində monastırın interyerində də dəyişikliklər edildiyini, altarın hündürlüyünün dəyişdirildiyini və mərkəzi hissəyə yeni postament yerləşdirildiyini qeyd edib. O, əlavə edib ki, abidənin üst örtüyündə erməni istehsalı olduğu bildirilən qırmızı rəngli kirəmitlərdən istifadə olunub.
Qiymət Mahir