Əhməd İsmayılov: “COP29 təcrübəsi WUF13-də təkrarlanacaq”
Cəmiyyət
01.05.2026 10:33
“Bu gün Ulu Öndərin müəllifi olduğu müasir şəhərsalma strategiyası Prezident cənab İlham Əliyev tərəfindən keyfiyyətcə yeni, daha möhtəşəm bir mərhələyə çatdırılmışdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri Qarabağın və Şərqi Zəngəzurun simasını köklü şəkildə dəyişir”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə təşkil olunan “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumda Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, bu gün Qarabağın dirçəlişi təkcə bir regionun bərpası deyil, həm də Azərbaycanın intellektual və iqtisadi gücünün, müasir şəhərsalma proseslərinə verdiyi töhfənin əyani sübutudur:
“Cənab Prezidentin rəhbərliyi ilə Şuşada, Ağdamda, Füzulidə ucalan hər bir yeni bina həm tarixi irsimizə sadiqliyi, həm də gələcəyə baxışımızı simvolizə edir. Şəhərlərimizin estetik görkəminin qorunması və mədəni irsimizin dünyada təbliği prosesində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etməliyik. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsləri sayəsində İçərişəhər və Qız qalası kimi nadir incilərimiz UNESCO-nun Dünya İrsi Siyahısında layiqli yerini möhkəmləndirmişdir. Paytaxtımızın müasir simasına çevrilən möhtəşəm mədəniyyət mərkəzləri və ictimai parklar məhz bu nəcib yanaşmanın və milli mədəniyyətimizə olan yüksək qayğının nəticəsidir”.
Ə.İsmayılov Azərbaycan mediasının mühüm qlobal tədbirlərin işıqlandırılmasındakı rolundan bəhs edib:
“Bir daha paytaxtımızda keçiriləcək WUF-un 13-cü sessiyasının qlobal əhəmiyyətini nəzərə alaraq bu istiqamətdə qurulmuş media və kommunikasiya işinin səmərəliliyini şərtləndirən məsələlər üzərində dayanmaq istərdik. Azərbaycan mediası mühüm qlobal tədbirlərin işıqlandırılmasında artıq beynəlxalq standartlara cavab verən zəngin təcrübə və peşəkar institutlaşma mərhələsinə qədəm qoymuşdur.
Müstəqillik tariximizin ən böyük qlobal tədbiri kimi ölkəmizin 2024-cü ildə uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un keçirilməsi zamanı mediamız öz fəaliyyətində zəngin təcrübəyə imza atmışdır. Konfransın keçirildiyi iki həftə ərzində ölkəmizin informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr etməklə yalnız yerli auditoriya üçün deyil, eyni zamanda qlobal miqyasda peşəkar media gündəmini formalaşdırmağa müyəssər olmuşdur.
COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut etdi ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir.
İnanırıq ki, WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq”.
Qiymət Mahir
tag: Əhməd İsmayılov,MEDİA,Tədbir,Çıxış,Todaypress.tv,
