Bu xidmətlər İcbari Tibbi Sığorta zərfinə daxil edildi
Cəmiyyət
27.01.2026 10:56
"İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə koxlear implantasiya ilə bağlı 3 yeni tibbi xidmət əlavə olunub".
TodayPress TV xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, dəyişiklik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə edilib:
"Qəbul olunan dəyişikliyə əsasən, anadangəlmə ağır dərəcəli eşitmə məhdudiyyətli şəxslərin tibbi təminatının gücləndirilməsi məqsədilə koxlear implantdan istifadə edən vətəndaşlar üçün yeni tibbi xidmətlər Xidmətlər Zərfinə daxil edilib. Sözügedən xidmətlər koxlear implantın nitq prosessorunun tənzimlənməsi, yenilənməsi və əvəzlənməsini əhatə edir".
Sədr vurğulayıb ki, koxlear implantın istifadəsindən 1 il keçdikdən sonra nitq prosessorunun 4 dəfə tənzimlənməsi xidməti icbari tibbi sığorta hesabına təmin olunacaq:
"Bu xidmət cihazın istifadəçiyə uyğunlaşdırılmasına, eşitmə performansının optimallaşdırılmasına və reabilitasiya prosesinin daha effektiv aparılmasına imkan yaradacaq.
Eyni zamanda, ən azı 5 il müddətində istifadə edilmiş köhnə nitq prosessorlarının daha müasir texnoloji imkanlara malik yeni model nitq prosessorları ilə əvəzlənməsi də icbari tibbi sığorta təminatına daxil edilib".
Zaur Əliyev qeyd edib ki, bu dəyişiklik eşitmə keyfiyyətinin və gündəlik kommunikasiya imkanlarının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına şərait yaradacaq.
Türkan İsgəndərli
tag: Zaur Əliyev,İcbari Tibbi Sığorta Fondu,Yekun,Konfrans,Todaypress.tv,
