Bu İran məhsullarının qiyməti artacaq – AÇIQLANDI

Cəmiyyət

02.03.2026 18:17

"Əgər İran ərazisində müharibə uzun müddət davam edərsə və ya regionda ciddi hərbi gərginlik artsa, bu, Azərbaycana idxal olunan İran mallarının, xüsusilə meyvə və tərəvəzlərin qiymətinə birbaşa təsir göstərə bilər". 

Bu fikirləri TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.


Onun sözlərinə görə, ilk növbədə logistika və nəqliyyat xərcləri arta bilər:

"Sərhədlərin müvəqqəti bağlanması, gömrük nəzarətinin sərtləşməsi və ya yol təhlükəsizliyi problemləri daşınmanı çətinləşdirər. Bu isə məhsulların bazara daha gec və daha baha çatmasına səbəb olar. Meyvə və tərəvəz kimi tez xarab olan məhsullarda gecikmə əlavə itkilər yaradır və satıcılar bu riski qiymətə əlavə edirlər".

Ekspert əlavə edib ki, ikinci mühüm amil valyuta və maliyyə qeyri-sabitliyidir:

"Müharibə zamanı İranın milli valyutasında kəskin dəyişikliklər və bank əməliyyatlarında məhdudiyyətlər yarana bilər. Ödənişlərin çətinləşməsi və risklərin artması idxalçıların xərcini yüksəldər ki, bu da son nəticədə pərakəndə satış qiymətlərini bahalaşdıracaq. Üçüncü məsələ təklifin azalmasıdır. Əgər istehsal bölgələrində təhlükəsizlik problemi yaranarsa və ya ixrac məhdudlaşdırılarsa, Azərbaycana gələn məhsulun həcmi azalar. Tələb sabit qaldığı halda təklif azalarsa, qiymətlər yüksəlir".

İqtisadçı vurğulayıb ki, Azərbaycan alternativ bazarlardan, məsələn digər qonşu ölkələrdən idxalı artıra bilər. Lakin yeni təchizat zənciri qurulana qədər keçid dövründə qiymətlərdə artım və bazarda müvəqqəti çatışmazlıq müşahidə oluna bilər:

"Yekun olaraq, belə bir müharibə ssenarisində qısa və orta müddətdə İran mənşəli meyvə və tərəvəzlərin qiymətində artım ehtimalı daha yüksəkdir. Uzun müddətdə isə bazar yeni şərtlərə uyğunlaşdıqca qiymətlər sabitləşə bilər, amma bu, müharibənin miqyasından və davametmə müddətindən asılı olacaq". 

Türkan İsgəndərli

TodayPress TV

tag: Akif Nəsirli,İqtisadçı,İran,Məhsul,Bahalaşma,Todaypress.tv,