Bitməyən MTK problemləri – Qanun var, nəzarət yoxdur...
Cəmiyyət
26.02.2026 17:13
"Binaların vaxtında tikilməməsi və istismara qəbul olunmaması ölkədə Mənzil-Tikinti Kooperativi (MTK) ilə bağlı əsas problemlərdəndir".
Bu sözləri TodayPress TV-yə açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə şikayətlər ildən-ilə artır:
"Hazırda ölkədə təxminən 70 bina var ki, sakinlər onlarda 10-15 ildir yaşayır, amma binaların istismara qəbul aktı yoxdur. Bu o deməkdir ki, vətəndaşlar çıxarış ala bilmirlər. Problem sadəcə tikinti mərhələsində deyil, həm də tikintidən sonra yaranan idarəetmə məsələlərində özünü göstərir. Əgər tikilən binaların 3-5 faizi müxtəlif formalarda problem yaşayırsa, daha qlobal problem istismara qəbuldan sonradır. Yəni vətəndaşlar artıq köçüb başlayırlar yaşamağa və burada idarəetmə problemləri yaranır".
Ekspert əlavə edib ki, idarəetmə problemləri əsasən komendantların özbaşınalığından ibarətdir:
"Ölkədə 2500-ə yaxın bina var, onlardan təxminən 150-200-də müştərək cəmiyyət yaradılıb. Qanuna görə, bina tikilib qurtarandan sonra 6 ay ərzində MTK fəaliyyəti bitməli, hüquqlar müştərək cəmiyyətə ötürülməlidir. Bu cəmiyyəti yaratmaqla sakinlər özləri idarə etməlidir. Amma göstərici ölkə üzrə 10 faizdən aşağıdır. Problem yalnız özbaşınalıqla bağlı deyil, həm də kütləvi şəkildə dolayı yolla qazanc məqsədilə təşkil olunur. Bunu bir çox tikinti şirkətləri özləri təşkil edir və uzun müddət qanunsuz şəkildə gəlir əldə edirlər. Hətta müştərək cəmiyyət yaradılan hallarda da demək olar ki, 90 faizində şəffaflıq yoxdur və özbaşınalıq mövcuddur. Hər bir formada buranı təşkil edən şəxslər dolayısı yolla qazanc əldə edirlər".
Elnur Azadov vurğulayıb ki, ölkədə qanunlar çox olsa da, idarəetmə mexanizmi və nəzarət sistemi yoxdur. Bu baxımdan milyona yaxın istehlakçı müxtəlif hüquq pozuntuları ilə üzləşir və əziyyət çəkir.
Türkan İsgəndərli
tag: Elnur Azadov,Əmlak eksperti,MTK,Şikayət,Todaypress.tv,
