"Bir vaxtlar həkimi müqəddəs görürdük…" - Həkimdən TƏBİB-ə reaksiya

Cəmiyyət

01.05.2026 14:00

"Bakıda həkimə qarşı törədilmiş ağır cinayət təkcə fərdi hadisə deyil, daha geniş sosial problemin göstəricisidir".

TodayPress TV xəbər verir ki, bunu uzman anestezioloq-reanimatoloq Turanə Rəsulova deyib.


Onun sözlərinə görə, xəstənin qumbara partlatması nəticəsində həkimin ağır xəsarət alması – cəmiyyət üçün ciddi xəbərdarlıqdır:

"Bakıda həkimə qarşı cinayət törədilib. Hazırda canı ilə əlləşən kolleqama Allahdan şəfa diləyirəm. Amma bununla yanaşı hamımız özümüzə bir sual verməliyik: biz necə oldu bu həddə gəldik? Bu cür hadisələrin formalaşmasında son illərdə ictimai ritorikanın da rolu az deyil. Xüsusilə səhiyyə sahəsində verilən bəzi açıqlamalar yanlış mesajlar yaradır. Cəmi 9 ay əvvəl keçmiş TƏBİB sədri mediaya verdiyi müsahibədə bildirirdi ki, guya vətəndaş həkimə "halallıq verməlidir" kimi yanaşmalar yanlışdır. Biz isə aylardır deyirik ki, bu cür ifadələr həkimi "borclu tərəf" kimi təqdim edir, xəstədə yüksək gözlənti, sonradan isə məyusluq və aqressiya yaradır".

Həkim əlavə edib ki, bu yanaşma həkim-xəstə münasibətlərinin mahiyyətini dəyişir:

"Bu ritorika münasibətləri tərəfdaşlıqdan çıxarıb qarşıdurmaya çevirir. Nəticədə balans pozulur və tərəflər bir-birinə qarşı dayanır. Cəmiyyətin bu nöqtəyə gəlməsi təsadüfi deyil və daha dərin səbəblərə dayanır. Bir vaxtlar həkimi "müqəddəs" görən cəmiyyətdən, bu gün onu partlatmağa cəhd edən aqressiv davranışlara gəlib çıxmışıq. Əlbəttə, nə həkim müqəddəsdir, nə xəstə, nə də hansısa qurum. Müqəddəs olan qanundur, hüquqdur. Amma ictimai şüuru formalaşdıran siyasətin və maarifləndirmənin yanlış aparılması bu balansı pozur".

Turanə Rəsulova xüsusilə təhlükəsizlik məsələsinə diqqət çəkib:

"Həkimini də, xəstəsini də eyni dərəcədə qoruya bilməyən cəmiyyət uduzur. Təhlükəsizlik hissi zədələnən mütəxəssis daha təhlükəsiz və dəyər verilən mühitə üz tutur. Bu, artıq bir çox ölkələrin təcrübəsində sübut olunub. Tez-tez ittiham altında qalan hansı həkim ağır xəstəni qəbul etmək istəyər? Halbuki o ağır xəstə sabah sənin, mənim, doğmalarımızın özü ola bilər. Biz bu gün incitdiyimiz, hətta yaşamaq hüququnu əlindən almağa cəhd etdiyimiz insanlardan sabah necə kömək gözləyəcəyik? Bu sual hər birimizi düşündürməlidir", - deyə Turanə Aslanova qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Turanə Rəsulova,uzman anestezioloq-reanimatoloq,Həkim,TƏBİB,Todaypress.tv,