Bahar Muradova: “Qadın ailənin və cəmiyyətin əsas dayağıdır”
Cəmiyyət
24.12.2025 11:34
“Qadın, əgər belə demək mümkünsə, cəmiyyətin və ailənin dayağıdır. Gələcək nəsillərin formalaşdığı əsas mənəvi məkandır”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, qadının sosial fəallığı ilə mənəvi dayanıqlığı arasında harmoniya olmadıqda nə ailə möhkəm olur, nə də cəmiyyət sağlam inkişaf edir. Bahar Muradovanın sözlərinə görə, mənəvi gücün əsas dayaqlarından biri qadının iqtisadi cəhətdən gücləndirilməsidir və bu harmoniyanın formalaşmasında dini icmaların, din xadimlərinin, maarifləndirici sözün və düzgün təqdim olunan dini dəyərlərin rolu xüsusi əhəmiyyət daşıyır.
“Müasir dövrdə qadınlar bir sıra çağırışlarla üz-üzədirlər. Ailə və ictimai həyat arasında balansın qorunması, informasiya məkanında mənəvi təsirlər, sosial təzyiqlər və yanlış dini yozumlar bu çağırışların əsasını təşkil edir. Bu nöqtədə dini icmaların üzərinə böyük məsuliyyət düşür”, – deyə Bahar Muradova qeyd edib.
O əlavə edib ki, din qadını cəmiyyətin inkişaf prosesindən kənarlaşdırmamalıdır və Azərbaycanda mövcud dəyərlər sistemi qadını hörmət edilən, qorunan, inkişaf edən və qərar verən şəxsiyyət kimi təqdim edir. Komitə sədri bildirib ki, multikulturalizm və dini dözümlülük bu dəyər sisteminin mühüm tərkib hissəsidir:
“Bu həqiqətlərin düzgün izahı və təbliği dini liderlərin mənəvi missiyasıdır. Qadınların ailə və cəmiyyət qarşısında üzərlərinə düşən missiyanı uğurla yerinə yetirməsi təkcə hüquqi mexanizmlərlə deyil, həm də mənəvi və ictimai dəstək tədbirləri ilə mümkündür və bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”.
Komitə sədri bildirib ki, birgə həyata keçirilən təşəbbüslər çərçivəsində ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadınlara qarşı zorakılığın dini dəyərlərə zidd mahiyyətinin izahı, uşaqların sağlam mənəvi mühitdə böyüməsinin təşviqi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.
O qeyd edib ki, bu gün keçiriləcək panel müzakirələr bu əməkdaşlığın daha dərin və daha təsirli mərhələyə keçidi üçün mühüm fürsətdir. Bahar Muradovanın sözlərinə görə, panel çərçivəsində səslənəcək fikirlər və paylaşılan təcrübələr qadınların cəmiyyətdə rolunun dini və dünyəvi dəyərlərin vəhdəti əsasında daha düzgün formalaşmasına töhfə verəcək.
Sonda Komitə sədri vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə qadın hüquqlarının qorunması, tolerantlıq və dinlərarası dialoq sahəsində nümunəvi ölkə kimi tanınır və bu uğurun arxasında dövlət siyasəti ilə yanaşı, cəmiyyətin bütün institutlarının, o cümlədən dini icmaların məsuliyyətli mövqeyi dayanır.
Qiymət Mahir
tag: Bahar Muradova,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,
