Bahar Muradova: “Azərbaycan–Mərakeş münasibətləri inkişaf edir”

Cəmiyyət

23.12.2025 13:51

“Azərbaycanla Mərakeş arasındakı münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatlarda ardıcıl və dinamik şəkildə inkişaf edir. Azərbaycan ərəb ölkələrinin hər biri ilə əməkdaşlığın genişlənməsində maraqlıdır”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mərakeş Krallığının Həmrəylik, Sosial İnteqrasiya və Ailə naziri Naima Ben Yahia ilə təkbətək görüşü zamanı səsləndirib.

Komitə sədri bildirib ki, iki il əvvəl Mərakeşdə Ailə nazirinin dəvəti ilə keçirilən tədbirdə iştirak edib və bu səfər zamanı yüksək səviyyəli qonaqpərvərliyin şahidi olub.

Bahar Muradova Azərbaycanın İSESCO ilə münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq qeyd edib ki, ölkəmiz bu təşkilatın məqsəd və hədəflərinə xüsusi maraq göstərir. Onun sözlərinə görə, İSESCO-nun nümayəndəliyinin Mərakeşdə yerləşməsi ortaq maraqların inkişafına mühüm töhfə verir.

O, həmçinin Mərakeşin günbəgün inkişafını, müasir standartlara uyğun layihələrin icrasını diqqətlə izlədiklərini bildirib və əlavə edib ki, Mərakeşdə olarkən insanların tarixə sevgi və hörmətlə yanaşaraq yaşadıqlarının şahidi olub: 

“Bu, hamımızın ortaq mənəvi irsidir və buna görə sizə təşəkkür edirəm”.

Qiymət Mahir

TodayPress TV

tag: Bahar Muradova,Ailə, Qadın və Uşaq,Konfrans,Todaypress.tv,